Martın 17-si ADA Universiteti və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə Bizim.Media-ya ADA-dan məlumat verilib.
Bildirilib ki, sənədin imzalanmasında məqsəd ADA Universiteti və MEDİA Agentliyi arasında müştərək layihələrin reallaşdırılması istiqamətində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, elmi-praktiki tədbirlərin həyata keçirilməsi, tələbələrin təcrübi biliklərinin artırılması, habelə media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkil edilməsidir.
MÖVZU İLƏ BAĞLI:
Özbəkistan səfiri MEDİA Agentliyinin fəaliyyəti ilə tanış oldu - FOTO
Sənədi Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.
Memoranduma əsasən, tədris ili ərzində istehsalat təcrübəsinin və yay təcrübə proqramlarının keçirilməsi, bununla yanaşı təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın istifadəsində qarşılıqlı əlaqələndirmənin təmin edilməsi nəzərdə tutulub.
Memorandum çərçivəsində tərəflərin nümayəndələrinin iştirakı ilə birgə layihə və tədqiqatlar həyata keçiriləcək, konfranslar, təlimlər və seminarlar təşkil ediləcək.
Əməkdaşlıq memorandumu tələbələri MEDİA Agentliyinin fəaliyyəti və mövcud olan vəzifələr haqqında məlumatlandırmaq məqsədilə Universitetdə “Karyera günləri”nin keçirilməsini də nəzərdə tutur.
Həmçinin tələbələrin kurs və buraxılış işləri, magistrantların dissertasiya mövzuları Agentliyin həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndiriləcək.
Bizim.Media