Fitnes Mərkəzlərinə olan axın son illərdə sosiallaşmışdı. Bu isə öz növbəsində bu sahəyə olan təlabatın artmasına və daha çox fitnes salonların yaranmasına səbəb olmuşdu. Pandemiyadan ən çox əziyyət çəkənlər isə məhz fitnes salonlar oldu. Bəziləri fəaliyyətini dayandırdı, bəziləri isə daha aşağı gəlirlərlə işləməyə başladılar.
Bəs bu günkü reallıq bizə nəyi göstərir?
Məsələni müzakirə etmək və Fitnes Mərkəzlərinin son qiymətlərini aydınlaşdırmaq üçün bəzi fitnes salonlar arasında sorğu keçirdik.
Bizim.Media-nın keçirdiyi sorğuya əsasən uzun illər yalnız xanımlar üçün fəaliyyət göstərən “Aydan” Fitnes Spa Mərkəzi pandemiya müddətində fəaliyyətini bir il dayandırıb. Fasilədən sonra isə salonun qiymətlərində artım müşahidə olunur. Müəllim nəzarəti ilə 3 dərs -90 manat, 2 dərs - 80 manatdır.
MÖVZU İLƏ BAĞLI:
Yaz gəlir, yorğunluğu özündən qabaq – Çıxış yolu üçün BU QAYDALARA əməl edin
Müəllimsiz 12 dərs - 60manat, 8 dərs isə 50 manatdır. Limitsiz istifadə isə 120 manat təşkil edir. Artıma səbəb kimi isə salonun icarədə olması göstərilir. Belə ki, əvvəlki illərdə salonu sahibkar özü idarə etdiyi üçün qiymətlər də nisbətən ucuz idi.
“Arslan” Fitnes Mərkəzi isə pandemiya müddətində 16 ay qapalı olub. Fitnes mərkəzindən Bizim. Media-ya verilən məlumata əsasən pandemiyadan sonra salona gələn müştərilərin sayında azalma müşahidə olunur. Mərkəzə gələnlər arasında kişilər üstünlük təşkil edir. Qiymət standartları isə dəyişməz olaraq qalır.
12 girişin qiyməti - 35manat, 8 girişin isə - 28 manat təşkil edir. Tək giriş üçün ödəniş 5 manatdır.
JV-fitnes mərkəzi 5 ildir fəaliyyətdədir. Pandemiyada vaxtı 1 il qapalı qalıb. Pandemiyadan sonra isə salonun müştəri sayı artdığı və yeni avadanlıqlar alındığı üçün qiymətlərdə də müəyyən qədər artım var.
Mərkəzin hazırkı göstəriciləri rəhbərliyi tam olaraq qane edir. Yaxın günlərdə mərkəzin daha bir filialı fəaliyyətə başlayıb.
“Sahil” Fitnes Mərkəzi isə pandemiyadan sonra iyunun 15-dən açılıb. Mərkəzin Bizim.Media-ya verdiyi açıqlamaya görə vaxtaşırı baş verən yumuşalmalar salona gələn insanların sayının artmasına səbəb olur. Hələ ki, mərkəzə müraciət edənlər arasında kişilər daha çoxdur. Bəylər üçün limitsiz istifadə aylıq - 150 manat, xanımlar üçün isə 120 manat təşkil edir.
Leyla Şah, Bizim.Media