Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücüləri saxlayıb.
Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupuna istinadən verdiyi məlumata görə, Göygöl rayon sakini İslam Kərimov idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda sürət həddini aşan sürücüləri həbs gözləyir?
Həmin şəxs yol polisi əməkdaşları tərəfindən saxlanılmış, barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir.
Məhkəmənin qərarı ilə İslam Kərimov sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.
Yol Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində yol hərəkəti qaydalarını pozaraq etdiyi təhlükəli manevrlərlə həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəhər sakini Faiq Nəcəfovu saxlayıb.
Sürücülük hüququ olmadan avtomobil idarə edən və yol polisi əməkdaşlarının “saxla” əmrinə tabe olmayan F. Nəcəfov barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o 15 sutka inzibati qaydada həbs edilib.
Məqsəd Rəhimov, Bizim.Media