Bakıətrafı şəhər və qəsəbələrdə svetoforların vaxtaşırı bir neçə saatlıq işləməməsi tez-tez rast gəlinən vəziyyətdir. Xüsusilə, Xırdalan, Masazır və Saray ərazisində, nəqliyyatın intensiv olduğu yolayrıclarında svetoforların tez-tez nasaz vəziyyətə düşməsi ciddi təhlükəsizlik problemi yaradır. Svetoforların işləmədiyi müddətdə yol hərəkətinin tənzimlənməsi pozulur, müxtəlif istiqamətlərdən hərəkət edən nəqliyyat vasitələri arasında qarışıq vəziyyət yaranır və bunun nəticəsində yol-nəqliyyat hadisələrinin baş vermə riski əhəmiyyətli dərəcədə artır.
Həmin ərazidə svetoforların niyə mütəmadi işləmədiyinə dair aidiyyəti qurumlardan məlumat ala bilməsək də, məsələnin hüqiqi tərəflərini araşdırmağa çalışdıq.
Burada məsələni yalnız svetoforun nə qədər müddət işləməməsi ilə məhdudlaşdırmaq düzgün olmaz. Hətta svetoforun qısa müddət, deyək ki, yarım saat ərzində işləməməsi həmin müddətdə qəzanın baş verməsi üçün kifayət edə bilər.
Belə bir vəziyyətdə qəzanın məsuliyyəti kimin üzərindədir?
Burada svetoforun işləməməsi avtomatik olaraq qəzanın məsuliyyətini yol xidmətinin və ya dövlət qurumunun üzərinə düşürmür. Qəzanın konkret səbəbi və hər bir sürücünün davranışı araşdırılır.
Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 5-ci bəndinə görə, sürücü yolların hərəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada tələb edə bilər. Bu, o halda baş verə bilər ki, svetoforun işləmədiyi barədə aidiyyəti qurum məlumatlı olub, lakin nasazlıq aradan qaldırılmayıb, hərəkətin təhlükəsizliyini təmin etmək üçün müvəqqəti tədbirlər görülməli olduğu halda, bu öhdəlik yerinə yetirilibməyib, saatlarla qarışıq vəziyyət davam edib.
Həmin maddənin 6-cı maddəsinə görə, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və məhkəməyə şikayət oluna bilər.
Bu vəziyyət sürücünü məsuliyyətdən azad edirmi?
Svetoforun işləməməsi sürücünü avtomatik olaraq məsuliyyətdən azad etmir. Svetofor işləmədikdə də sürücülər yol hərəkəti qaydalarına riayət etməlidirlər. Svetoforun yanmamasından istifadə edərək ehtiyatsızlıq edən, tələsib ötüb keçmək istəyən, digər avtomobilləri nəzərə almayan sürücü “üstünlük məndədir” prinsipi ilə hərəkət edə bilməz.
Digər yol nişanları, yolayrıcından keçmə qaydaları nəzərə alınmalıdır. Sürücünün ara məsafəsinə və təhlükəsiz hərəkət tələblərinə əməl etməməsi İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi ilə müəyyən edilir. Ara məsafəsinə əməl etməməyə, ötmə və ya manevr qaydasını pozmağa görə, 327.1 maddəsi ilə 40 manat cərimə nəzərdə tutulur.
Qayda pozuntusu nəticəsində zərərçəkənin sağlamlığına yüngül bədən xəsarəti dəyibsə, 327.8-ci maddəyə əsasən 200 manat cərimə və ya sürücülük hüququnun bir ilədək məhdudlaşdırılması gözlənilir. Qəzanın baş verməsində sürücünün təqsiri müəyyən edilərsə, zərərin ödənilməsi məsələsi icbari avtomobil sığortası və mülki məsuliyyət qaydaları əsasında həll olunur.
Yüngül qəza olarsa, nə etmək lazımdır?
Belə problemli qovşaqda qəza baş verərsə, xüsusilə svetoforun işləmədiyini sübut etmək çox vacibdir. Yaxşı olardı ki, sürücülər svetoforun işləmədiyini və qovşağın ümumi vəziyyətini videoya çəksin. Ətrafdakı obyektlərin kameralarının olub-olmadığını müəyyənləşdirib hadisə şahidlərinin əlaqəsini götürsün.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 16.10.2026
Xırdalan, Masazır və Sarayda işləməyən SVETOFORLAR - Qəza riskinə görə kim cavabdehdir?
Hazırda oxunan: Xırdalan, Masazır və Sarayda işləməyən SVETOFORLAR - Qəza riskinə görə kim cavabdehdir?
Hazırda oxunan: Xırdalan, Masazır və Sarayda işləməyən SVETOFORLAR - Qəza riskinə görə kim cavabdehdir?
642440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































