Aparıcı Aytən Səfərovanın marketlərdən birindən aldığı düyünün içərisindən həşərat çıxıb.
Xanım aparıcı bu barədə sosial şəbəkə hesabında görüntülər yayımlayıb.
"Mumtaz" markasından olan düyünü qaynatmaq üçün suya tökən Səfərova qara həşəratların görüntüsünü nümayiş etdirib.
Aytən Səfərova həmçinin qablaşdırmada məhsulun istehsal tarixinin 2024-cü ilə qədər qeyd olunduğunu da bildirib.
MÖVZU İLƏ BAĞLI:
AQTA qanunu pozan 50-dən çox İran mağazasını niyə MÜDAFİƏ EDİR? – Rəsmi CAVAB
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov düyünün içərisindəki yad cisimlərin yer alma səbəbini bir neçə halla əsaslandırıb:
“Ola bilsin ki, idxalçı malları məhv etmiş, ikinci bankalara və başqa etiketlə satışa buraxıb. İkinci səbəb saxlanma şəraitinin düzgün qaydada aparılmaması ilə bağlıdır. Ola bilsin ki, mal hətta yararlıq müddətində elə saxlanılıb ki, artıq təhlükəli vəziyyətə düşə bilər. Digər ehtimala görə, ola bilsin ki, bu partiya mallar ilkin istehsal prosesində çirklənmiş məhsullardır.
O da belə vəziyyətdə olmamalıdır. İstənilən halda məhsul ölkəyə daxil olduqda, analiz olunmalıdır. Bundan əlavə istehlakçının hüququ var ki, o malı qaytarıb pulunu alsın və bütün mal partiyasının yoxlanılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qarşısında məsələ qaldırmaq lazımdır”.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məsələni nəzarətə götürüb.
Alçina Amilqızı, Bizim.Media