Son günlər Ukraynada baş verən hadisələrə Azərbaycan tanınmış sənət adamları, ziyalılarının fikir və düşüncələri birmənalı deyil.
Bizim.Media Azərbaycan cəmiyyətinin üzdə olan simalarının bu mövzuda olan fikirlərini ictimaiyyətlə bölüşür.
Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov “Sanki cəmiyyətimizdə bu hadisələrə qarşı biganəlik var” fikrimizlə razılaşmır:
“Mən deməzdim ki, biganəlik var. Bizim xalqımız da müharibədən, qan-qadadan keçib. Biz Xocalı faciəsini yaşamışıq. Təcavüzə məruz qalmışıq. Haqlı ola-ola haqsız duruma düşmüşük. Dünya dövlətləri tərəfindən haqsız çıxarılımışıq. Təəssüf ki, böyük dövlətlər haqsızı müdafiə ediblər. 44 günlük müharibəmiz dövründə biz buna şahid olduq. Böyük dövlətlər, Türkiyəni çıxmaq şərtilə, heç kim bizim arxamızda dayanmadı. Sözsük ki, müharibə qan-qadadır, fəlakətdir, xaosdur.
Mən bir sənət adamı, bir qarabağlı kimi müharibəyə yox deyirəm. Rusiya Ukrayna müharibəsinə gəldikdə isə, bu savaş heç kimin xeyrinə deyil.
Müharibələr fəlakətdən başqa bir şey gətirmir. Ukraynada yarım milyon, Rusiyada isə iki milyon soydaşımız var. Orada nə qədər insanlarımız yaşayırlar, təhsil alırlar, çalışırlar. Ona görə də bu müharibə heç kimi xeyrinə deyil. Bu müharibənin tezliklə bitməsini, sülhlə nəticələnməsini arzulayıram. Təcavüzün hamısı pisdir. Mən bu sözləri təcavüzə məruz qalmış ölkənin vətəndaşı kimi deyirəm. Mən müharibəyə yox deyirəm. Allah eləməsin, sabah nüvə silahı söhbəti ortaya çıxsa onda necə olacaq? Ona görə mən düşünürəm ki, bütün dünya yığışıb, bu müharibənin qarşısını almalıdır”.
Bu mövzuya Akif İslamzadənin yanaşması da maraqlı oldu:
“Müharibə mövzusu o qədər aktual mövzudur ki, bunu iki-üç dəqiqəlik söhbətlə tam olaraq açıqlamaq olmur. Biz əgər desək ki, Ermənistan silahlanır bu kimə qarşıdır? Təbii ki, bizə qarşıdır. Düzdür Ukraynada Rusiyanın özünün də çox böyük səhvi var. Necə olur Qərb, Amerika öz nüfuz dairəsini genişləndirir. Bunlar edə bilmirlər. Putin 2002-ci ildən hakimiyyətdədir. SSRİ-nin vaxtında biz Bolqarstanı 16-cı respublika sayırdıq.
Bunların özlərinin də günahı çoxdur. Bütövlükdə götürəndə, Putin olmasın, başqası olsun - bu belə də olmalıdır. Bunu məcbur edən də Qərbdir. Bu da onun oyununa getdi.
Bu uzun söhbətin mövzusudur. Amma burada tək Rusiyanı günahlandırmaq olmaz. Suriyadakı qaçqınlara, İraqdakı ölümlərə Qərbin Amerikanın münasibətinə baxın.
Bir də Ukraynaya qarşı olan münasibətə baxın. Bunların hamısını nəzərə almaq lazımdır. Əsas isə biz bütün hallarda özümüzü düşünməliyik. Bütün dünyada əxlaqsızlığı yayanlar Qərb və Amerikadır. Mənəviyyatsızlığın, əxlaqsızlığın hamısını yayan onlardır. Onların məqsədi milli dövlətçiliyi dağıtmaqdır. Bilirsiniz, mənim düşüncələrimi eşidənlər elə başa düşərlər ki, mən Amerikanın tərəfindəyəm. Xeyr. Mən ilk növbədə Azərbaycanın tərəfindəyəm. Gələcəkdə nələr ola biləcəyini düşünürəm, ona görə də belə sözlər deyirəm. Hər halda Putinin səhvi odur ki, vəziyyəti bu yerə çatdırdı. Bunların sözsüz ki, səbəbkarı Amerikadır, NATO-dur. Bütün hallarda isə müharibəni pisləyirəm. Eyni kökdən, eyni dindən olan millətlərin müharibəsi, davası dəhşətdir. Putinin bəyəndiyi iki şəxsiyyət var tarixdə.
Napoleon və Stalin. Onun kompleksi odur ki, özündən boylu-buxunlu yaraşıqlı adamları sevmir. Bir il bundan əvvələ qədər özünü imperator kimi aparırdı.
Qərbə onların tarixlərini danışmaq, yenidən xatırlatmaq lazımdır. Fransanın mərkəzində olan “Luvr”u muzey ediblər. Mən bu ifadəmə görə üzr istəyirəm. Amma birinci şəhvətxana “Luvr”un özüdür. Tarixi faktları yazanların özləri də bunu etiraf ediblər. Onların tarixinə nəzər yetirin. Özləri hamını barbar hesab edirlər. Amma başqa xalqlara münasibətlərinə baxın”.
Ülviyyə Həsənqızı, Bizim.Media