"“Müharibə veteranı” adı verilmiş şəxslərə təqaüd təyinatı yekunlaşdırılıb. Bu barədə həm SMS bildiriş sistemi, həm də Nazirliyin saytına daxil olmaqla rahat şəkildə məlumat almaq imkanları yaradılıb".
Bizim.Media xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov sosial şəbəkə hesabında paylaşım edib.
O, "Müharibə veteranı" kimi Prezident təqaüdünün təyin olunduğu və bank kartını haradan götürüləcəyi ilə bağlı suallara aydınlıq gətirib:
MÖVZU İLƏ BAĞLI:
Hərbçilərin pensiyalarının azaldılması xəbərinə nazirlikdən REAKSİYA
“Müharibə veteranına təqaüd təyin edildiyi anda şəxsin telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir. SMS elektron sistemdə həmin şəxsin adına olan nömrəyə göndərilir. Eyni zamanda, bu barədə Nazirliyin internet səhifəsindəki (sosial.gov.az) “Müharibə veteranı üçün təqaüd” bölməsinə daxil olmaqla da öyrənə bilər. Şəxs həmin bölməyə daxil olur və şəxsiyyət vəsiqəsinin nömrəsini, doğum tarixini qeyd edir. Əgər ona təqaüd təyin edilibsə, avtomatik olaraq ekrana adı, soyadı çıxır və təqaüd kartını hansı bankdan alacağı qeyd edilir”.
O qeyd edib ki, Müharibə veteranı kimi təqaüd almaq üçün hansısa sənəd tələb olunmur:
“Şəxsə qulluq keçdiyi, işlədiyi dövlət orqanı əgər “Müharibə veteranı” adı veribsə, həmin şəxsin hansısa quruma müraciət etməsinə, sənəd təqdim eləməsinə ehtiyac yoxdur. Ona avtomatik, proaktiv qaydada təqaüd təyin olunur”.
Fazil Talıbov bildirib ki, təqaüd fevralda təyin olunarsa, yanvarın da təqaüdü veriləcək:
“Təqaüd nə vaxt təyin edilməsindən asılı olmayaraq, 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilir və həmin vaxtdan götürülməklə verilir. “Müharibə veteranı” statusuna görə təqaüd müddətsiz, ömürlük təyin olunur və müharibə veteranının əməkhaqqı, pensiya və ya müavinət almasından asılı olmayaraq, bu təqaüdü də alır.
Şəxs müharibə əlili kimi təqaüd alırsa, ona “Müharibə veteranı” statusuna görə təqaüd də verilməyəcək. Çünki müharibə əlillərinə Prezidentin aylıq təqaüdü (I dərəcə üçün 400 manat+ qulluq edən şəxs üçün 80 manat, II dərəcə üçün 350, III dərəcə üçün 300 manat) ödənilir.
Qanunvericiliyə əsasən, bir şəxsin həm müharibə əlili, həm müharibə veteranı kimi təqaüd almaq hüququ yarandıqda, hüququ olan iki təqaüd növündən yalnız biri və yüksək məbləğdə olanı verilir” - o deyib.
Bizim.Media