Baş nazir antiinflyasiya tədbirləri barədə sərəncam imzaladı

Baş nazir antiinflyasiya tədbirləri barədə sərəncam imzaladı

Hazırda oxunan: Baş nazir antiinflyasiya tədbirləri barədə sərəncam imzaladı

61184

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncama əsasən, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq məqsədilə İqtisadiyyat Nazirliyi inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması məqsədilə minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması, həmçinin belə məhsulların yerli istehsalçılarının stimullaşdırılması istiqamətində tədbirlər görməli və nəticəsi barədə Nazirlər Kabinetinə ayda bir dəfə məlumat verməlidir.

Eyni zamanda İqtisadiyyat Nazirliyi . minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə (güzəştli kredit, kredit-zəmanət və faiz subsidiyası mexanizmi) və məhsullarına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməli, minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsinə dair təkliflərini 15 (on beş) gün müddətində Nazirlər Kabinetinə təqdim etməli, Dövlət Gömrük Komitəsi ilə birlikdə minimum istehlak səbətinin tərkibində ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunmasına dair lazımi tədbirlər görməlidir.

O cümlədən daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi istiqamətində ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan nəzarət tədbirləri barədə ayda bir dəfə Nazirlər Kabinetinə məlumat verməlidir.

2022-ci il ərzində idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə yerli istehsal edilən və idxal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının daşınma-logistika və ticarət şəbəkələrinə daxilolma xərclərinin optimallaşdırılması məqsədilə mümkün mexanizmlərin tətbiqi barədə razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışının yarmarkalarda daha səmərəli təşkili, özəl tədarük-satış bazalarının və logistik mərkəzlərin inkişaf etdirilməsi üçün tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ayda bir dəfə məlumat verməlildir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərurət olduğu təqdirdə özünüməşğulluq proqramının və haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər görməli, əhalinin sosial rifahının qorunması sahəsində görülmüş işlərin nəticəsi barədə Nazirlər Kabinetinə rübdə bir dəfə məlumat verməlidir.
Maliyyə Nazirliyi inflyasiya səviyyəsini nəzərə alaraq qısa, orta və uzunmüddətli dövlət qiymətli kağızlarının buraxılışı istiqamətində lazımi tədbirlər görməlidir.

Mərkəzi Bankına tövsiyə edilib ki, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə öz səlahiyyətləri çərçivəsində zəruri siyasət tədbirləri həyata keçirsin, inflyasiya təzyiqlərinin azaldılması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görsün.

Dövlət Ehtiyatları Agentliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə qlobal ərzaq bazarındakı vəziyyəti nəzərə almaqla strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO