“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

Hazırda oxunan: “İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

606860

Son dövrlər qlobal iqtisadi proseslər, enerji, logistika və ərzaq qiymətlərində artım müşahidə olunur, həmçinin, rəqəmsal xidmətlərə tələbat sürətlə yüksəlib.

Maraqlıdır, bunun fonunda internet qiymətlərində artım ehtimalı varmı? Əgər belə bir ehtimal mövcuddursa, bunu şərtləndirən əsas faktorlar hansılardır?

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, ekspert Elvin Abbasovun sözlərinə görə, hazırda internetin qiymətinin artması ehtimal yox, qaçılmaz prosesdir.

“Telekommunikasiya sektoru elə sahədir ki, həm sürətlə dəyişir, həm də çox investisiya tələb edir. İstifadəçilərin sayı məhdud olsa da, internet trafikinin həcmi artır. Daha çox video izlənilir, oyun oynanılır, “bulud” xidmətlərindən istifadə olunur. Bu yükü eyni qiymət və eyni sürətlə uzun müddət saxlamaq real deyil.
 

Bununla yanaşı, avadanlıqların idxalı, valyuta dəyişiklikləri, enerji, logistika və daşınma xərcləri, provayderlərin əməkhaqqı fondu və digər amillər birbaşa maya dəyərinə təsir edir. Digər kommunal xidmətlərdə qiymətlər dünya bazarındakı dəyişikliklərə uyğun tənzimləndiyi kimi, internet də eyni qaydada bu təsirlərdən kənarda qala bilməz. İnternetin qiyməti də məhz müvafiq dəyişikliklərə uyğun olaraq indekslənməlidir”, - E.Abbasov qeyd edib.


Ekspertin sözlərinə görə, burada əsas məsələ artımın olub-olmaması deyil, nə qədər artmasıdır:

“Cəmiyyətin bu məsələyə həssas yanaşmasının səbəbi də budur ki, qiymətlər bizdə tez-tez yox, uzun fasilələrlə dəyişir. Ona görə də hər artım birdən-birə böyük görünür. Halbuki digər kommunal xidmətlərdə olduğu kimi, internet tariflərinə də mütəmadi, məsələn, illik baxılması daha sağlam yanaşmadır. Bu zaman qiymət artımı daha yumşaq olur və sürpriz effekti yaratmır.

Əslində qiymətlər dəyişsə də, bir məsələni nəzərə almaq lazımdır ki, yüksəksürətli paketlərin qiymətlərinin əlçatanlığı digər ölkələrə nisbətən aşağıdır və maksimal sürətlər 250 Mbit/s ilə limitlənir. Ölkə üzrə median sürətin yüksəldilməsi və dayanıqlı keyfiyyətin təmin edilməsi üçün provayderlər yüksəksürətli paketlərin əlçatanlığını artırmalıdırlar”.

“Hazırda bazarda provayderlər tərəfindən təqdim olunan 250 Mbit/s sürət tariflərində hər Mbit/s üçün orta ödəniş məbləği 0,14 AZN-dir. Düşünürəm ki, eyni sürəti daha yüksək qiymətə təklif etməklə deyil, hər Mbit/s üçün qiyməti aşağı salaraq daha yüksəksürətli paketlər təqdim etməklə nail olmaq olar.
 

Mənim ehtimalım odur ki, hər Mbit/s üçün orta ödəniş məbləğini 10-20% civarında ucuzlaşdırmaqla həm yüksəksürətli minimal paketlər təqdim edilə bilər, həm də dəyişən bazar konyukturasında keyfiyyətin dayanıqlığı təmin olunar.


Kəskin qiymət artımları əvəzinə, bu tip yenilənmələr provayderlərə davamlı investisiya imkanı yaradır və istifadəçi üçün daha məqbul olur. Nəticə olaraq, qiymətləri uzun müddət sabit saxlamaq yox, sürət-qiymət balansını bazar və texnologiyaya uyğun tənzimləmək xidmət keyfiyyətinin qorunması üçün vacibdir”, - E.Abbasov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO