1960-cı ildə inşası başa çatan, 32 il Kəlbəcər camaatına, onların qonaqlarına xidmət edən tunel düz 33 il əvvəl qanlı hadisələrə, onlarla ailənin faciəsinə səhnə oldu.
Həmin gün – 1993-cü il martın 31-də erməni silahlıları tərəfindən “Kəlbəcər tuneli”ndə mülki azərbaycanlılara qarşı növbəti qətliam törədildi. 200 metr uzunluğunda olan tuneldə 53 azərbaycanlının həyatına vəhşicəsinə son qoyuldu...
Kəlbəcərin işğalı
1993-cü il fevralın 15-də Ağdərənin işğalından sonra Kəlbəcər üçün gerisayım başlamışdı. Artıq martın əvvəllərindən rayon mərkəzi, kəndlər intensiv atəşə tutulurdu. Erməni silahlılarının növbəti hədəfinin Kəlbəcər olduğu hər kəsə bəlli idi. Ancaq həmin dövrdə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi ucbatından Ağdərənin işğalından sonrakı 40 günə yaxın müddət ərzində Kəlbəcərin müdafiəsi üçün zəruri addımlar atılmadı.
Martın 26-də Ermənistan silahlı qüvvələri, separatçı və terrorçu ünsürlər dörd istiqamətdən Kəlbəcər əməliyyatına başladılar. Həmin istiqamətlərdən birinə erməni terrorçu Monte Melkonyan rəhbərlik edirdi. Ordumuz hücumun qarşısını almaq üçün sözügedən “Tunel”in yaxınlığında mövqe tutmuşdu.
Kəlbəcərin müdafiəsində iştirak etmiş döyüşçülərin sözlərinə görə, “Tunel” mövqeyinin müdafiəsi Bakıdan məcburi toplanmış, əlinə ilk dəfə silah verilmiş 75 nəfər gənc əsgərə tapşırılıb. Təkcə bu faktın özü belə həmin dövrdə hərbi-siyasi rəhbərliyin nə qədər səriştəsiz olduğunun göstəricisidir.
“Tunel” qətliamına aparan yol...
Hərbçilərimizin, yerli özünümüdafiə qüvvələrinin qəhrəmancasına döyüşməsinə baxmayaraq, istər canlı qüvvə, istərsə texniki baxımdan güc nisbəti olduqca qeyri-bərabər idi. Nəticədə martın 30-da artıq Kəlbəcərin əsas hakim mövqeləri düşmənin nəzarətinə keçmişdi. Elə həmin gün əhalinin təxliyəsinə başlanıldı.
Əhalinin əsas nicat yollarından biri məhz Tərtər – Kəlbəcər yolunun cənubunda, Laçın-Kəlbəcər yolunun üstündə yerləşən tunel idi. Erməni terrorçuları da bunu yaxşı bildikləri üçün “Tunel”in çıxışında mövqe tutub, yırtıcı heyvanlar kimi öz qurbanlarını gözləyirdilər.

Martın 31-də səhər saatlarında öz yurd-yuvalarından didərgin salınan kəlbəcərlilərin bir hissəsi qaranlıq, cəmi bir maşının keçə biləcəyi “Tunel”ə daxil oldular. “Tunel”in sonunda isə işıq görünmürdü...
Qətliam şahidlərinin qandonduran xatirələri
Kəlbəcər sakini Əfsəl Mirzəyevin atası, bacısı və bacısının azyaşlı övladı “Tunel” qırğını zamanı hücuma məruz qalıb. O, həmin günü belə xatırlayır:
"Həmin vaxtlar mən 26 yaşında idim. Bacımın isə 28 yaşı var idi və o, qonşu kənddə məktəblərin birində müəllim işləyirdi. Həmin günü bacım azyaşlı övladı ilə birlikdə atamgilə qonaq gəlmişdi. Qaçaqaç düşən zaman atam, bacım və onun körpəsi ermənilərin silahlı hücumuna məruz qalıb.
Hadisə zamanı atam və bacım qətlə yetirilib, körpə isə girov götürülüb. Sonradan bacımın uşağı Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə girovluqdan azad edildi. Amma atamın və bacımın harada dəfn olunduqları barədə məlumatımız olmadı. Buna görə də onlar itkin sayılır".
Digər Kəlbəcər sakini Maqsud Rəhimov isə deyib ki, atası Əsgərxan kişi "Tunel" qırğını zamanı girov götürülüb. Onun sözlərinə görə, ermənilər atasının olduğu avtobusu pusquya salaraq bir neçə şəxsi güllələyib, bir qismini isə girov götürərək işgəncələrə məruz qoyublar.
“Yolda insan qanı sel kimi axırdı...”
Həmin vaxt 14 yaşı olan və qətliamdan son anda xilas olmağı bacarmış Ramil Hüseynovun xatirələri isə erməni vəhşiliyinin hansı miqyasda olduğunu daha aydın nümayiş etdirir:
“Ermənilər “Tunel dairəsi” deyilən yerdə pusqu qurmuşdular. Bizim maşını görən kimi atəş açmağa başladılar. Maşını yolun ortasında saxlayıb, yerə düşən Qoşqarı (sürücü - red.) dərhal vurdular. Onda anladıq ki, qarşımızdakılar ermənilərdir. Özünü maşından yerə atan ikinci adam Əsgərxan dayı oldu. Onu da ayağından vurdular.

Mən də aşağı tullandım və o dəqiqədə maşının körpü hissəsi ilə arxa təkəri arasında dar bir yerə girib orada gizləndim. Bir saata yaxın davam edən gülləbaran nəticəsində bizim maşında yaralanmayan adam qalmamışdı: kimisinə bir, kimisinə dörd-beş güllə dəymişdi. Ən ağır yara alan Cəmilə adlı qadının yanında kiçiyi 9, böyüyü 14 yaşında dörd uşağı vardı.
Maşının yük yerindən kürəyimə qan damcılayırdı. Yolda insan qanı, sanki sel kimi axırdı... Ah-nalə ərşə dirənmişdi. Yaralılar “su” deyib qışqırırdılar...”
Ramil Hüseynovun sözlərinə görə, ermənilər onların ardınca gələn digər avtomobillərdəki dinc sakinləri də eyni qaydada pusquya salıblar.
Amansız qətllər, işgəncələr...
“Tunel” qətiamında qadın, yaşlı, uşaq da daxil olmaqla ümumilikdə 53 nəfər qətlə yetirilib, 64 nəfər əsir götürülüb. Hadisə şahidlərinin bildirdiyinə görə, Melkonyan başda olmaqla erməni terrorçuları insanları diri-diri odun-alovun içərisinə atıb, yaralılara - uşaqlara, qadınlara, yaşlılara olmazın işgəncələr veriblər.
“Ermənilər özlərinin yük maşınlarını bizim maşının yanına sürüb saxladılar və sağ qalanları, yaralıları oraya yığmağa başladılar. Vəhşicəsinə davranırdılar. Yaralıların başından-ayağından yapışıb, maşının yük yerinə atırdılar. Yaralı, sağ qalan hamını maşının yük yerində bir-birinin üstünə qalaqladılar”, - deyə hadisə şahidi Ramil Hüseynov bildirib.
Arayikin “Tunel” qətliamı ilə bağlı etirafı
Bakı Hərbi Məhkəməsində son söz nitqi zamanı Arayik Harutyunyan “Tunel” qətliamı ilə bağlı bunları demişdi:
"Mən çox məlumatlı adamam. Amma, Kəlbəcərdəki Tunel hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada öz əməllərinə görə cəzalanacaqlar".
Bəli, “Tunel” qətliamını törədənlərin bir çoxuna ordumuz tərəfindən layiq olduqları cəzalar verilib. Məsələn, həmin cinayətkarlardan biri - “Tunel” qətliamının təşkilatçısı Monte Melkonyan 1993-cü ilin iyununda hərbçilərimiz tərəfindən zərərsizləşdirilərək layiqli cəzasına çatıb.
Azad Kəlbəcər yenidən qurulur
2020-ci ilin payızında faciələrə, insanlıq cinayətlərinə səhnə olmuş Kəlbəcər yenidən doğma sahiblərinə qovuşdu. “10 Noyabr Bəyanatı”na əsasən, Kəlbəcər bir güllə belə atılmadan azad edildi.

Bu gün Kəlbəcər yenidən qurulur. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Kəlbəcərdə də davam edir. Artıq şəhərin I yaşayış məhəlləsində birinci mərhələ üzrə ümumilikdə 135 ailənin qayıdışı təmin edilib. Qeyd edək ki, birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşa ediləcək. Bu yaşayış komplekslərində 10 mindən çox insanın yaşaması nəzərdə tutulur.
Bizim.Media-nın analitik qrupu

- A-
- A
- A+
Cəmiyyət
11:25 / 31.03.2026
53 günahsız sakini son mənzilə aparan TUNEL – 33 il əvvəlki qətliam şahidlərin DİLİ İLƏ...
Hazırda oxunan: 53 günahsız sakini son mənzilə aparan TUNEL – 33 il əvvəlki qətliam şahidlərin DİLİ İLƏ...
Hazırda oxunan: 53 günahsız sakini son mənzilə aparan TUNEL – 33 il əvvəlki qətliam şahidlərin DİLİ İLƏ...
604166
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































