Məlum olduğu kimi bu gündən peyvənd sertifikatına dair tələb dəyişib. Bu məqsədlə ötən gündən etibarən ölkənin müxtəlif tibb müəssisələrinə buster dozu qəbul etmək üçün kütləvi axın başlayıb. Vətəndaşlar vaksin sertifikatlarının etibarlılıq müddətinin uzadılması üçün əvvəlcədən onlayn növbə tutsalar da, tibb müəssisələrinin girişində saatlarla sıxlıq yaranıb.
Bəzi tibb müəssisələrində vətəndaşlar peyvəndlənmədən əvvəl tibbi müayinədən keçirilmir. Qüvvətləndirici, yəni buster doz qəbulunu nəzərə almayan tibb bacıları Səhiyyə Nazirliyinin vaksinlərlə bağlı bu təlimatını pozmaqda davam edirlər.
Belə bir hal ötən gün Yasamal rayonu 16 saylı şəhər polinklinikasında yaşanıb. Axşam saatlarında polinklinikanın qarşısında üçüncü doz peyvənd almaq üçün vətəndaşların uzun növbəsi yaranıb. İçəri daxil edilən vətəndaşların heç biri vaksindən əvvəl tibbi müayinədən keçirilməyib. Nə onların qan təzyiqi yoxlanılıb, nə də profilaktik söhbətlər aparılıb.
MÖVZU İLƏ BAĞLI:
Ucarda məcburi peyvəndləmə ilə bağlı DİN-dən AÇIQLAMA
Məlum duruma peyvəndə gələnlərdən biri etiraz etdikdə tibb bacılarından biri “Artıq bu sual mənə veriləndə əsəbləşirəm. Hamını tək-tək müayinə etsək, səhərə qədər gərək burda qalaq. Təzyiqiniz var, əvvəlcədən yoxladıb gələrdiz. Görün nə qədər adam gözləyir? Ona görə də müayinə etmirik, “basıb” vururuq”, - deyə maraqlı cavab verib və məsuliyyətindən yayınıb.
Eyni durum Binəqədi rayonu 10 nömrəli şəhər polinklinikası və Səbail rayonu 1 saylı şəhər polinklinikalarında da yaşanıb. Hətta peyvənddən sonra halı pisləşənlər də olub.
Halbuki “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda qeyd olunur ki, peyvəndlənmə zamanı vətəndaşlar tibbi müayinədən keçirilməli və vaksinasiyadan yarım saat nəzarətdə saxlanılmaqla buraxılmalıdırlar. Amma bu təlimatların heç birinə hazırda riayət edilmir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etsək də, mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev sorğumuzu cavabsız qoyub.
Qeyd edək ki, bu gündən COVID sertifikatlarının etibarlılıq müddəti koronavirus əleyhinə peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doz vurulması nəzərdə tutulan peyvəndin 1 dozunu aldıqda müddətsiz olacaq.
Alçina Amilqızı, Bizim.Media