Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və qızı Nuranə Məhərrəmovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda qətlə yetirilən Ədil Məhərrəmovun qardaşı Vüqar Məhərrəmov şahid qismində ifadə verib.
"İşdə idim, dedilər ki, qardaşına nəsə olub. Sonra bildim ki, qətlə yetirilib. Çıxdım getdim ora. Nuranə ilə münasibəti çox pis olub. Nuranə həmişə ona hədə-qorxu gəlib. Qardaşım öləndən sonra Nuranə zəng edib anama təhqiramiz ifadələrlə - "oğlunuzu atamla birlikdə öldürmüşük, gəlin, meyitini aparın", - deyib. Bununla yanaşı Nuranə anamı da öldürəcəyi ilə hədələyib".
Şahidin ifadəsinə müdaxilə edən anası da Nuranənin ona zəng edərək hədə-qorxu gələrək növbəti dəfə onu da öldürəcəyini deyib. Zərərçəkənin hüquqi varisi bununla yanaşı bildirib ki, oğlu Ədil ona zəng edərək yol pulu istəyib ki, Nuranənin yanına getsin. Anası bunun səbəbini Ədildən soruşduqda isə o bunu Nuranənin onu ölümlə təhdid etməsi ilə əsaslandırıb.
Növbəti proses martın 31-nə təyin edilib.
Qeyd edək ki, Nuranə Məhərrəmova atası Nəcəf Qafarovla birlikdə keçmiş ərini qətlə yetirməkdə təqsirləndirilirlər.
Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata görə, 2025-ci il aprelin 21-də 37 yaşlı Ədil Məhərrəmovun Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq edilən cinayət işi üzrə sonuncunun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (Oxu.az)
Bizim.Media


































































































