Masazır qəsəbəsində ictimai nəqliyyatla bağlı narazılıqlar yenidən gündəmə gəlib. Sakinlər bildirirlər ki, qəsəbənin 525 və 569 saylı avtobuslarında son vaxtlar yaranan problemlər onların gündəlik gediş-gəlişini xeyli çətinləşdirib. Xüsusilə avtobusların tutumu, sərnişin sıxlığı və bəzi hallarda sürücülərin davranışı ilə bağlı şikayətlər artmaqdadır. Bildirilir ki, 525 saylı marşrutun bəzi sürücüləri sərnişinlərə kobud cavablar verir, tez-tez söz davasına çıxırlar.
Bundan başqa sakinlər avtobusların dayanacaqlarda saxlamamasından da narazılıq edirlər. Pik saatlarda avtobuslararası interval çox olduğu üçün sıxlıq olur, bəzi dayanacaqlarda saxlamadan keçirlər. Nəticədə yollarda qalan sərnişinlər işə gecikməmək üçün Masazır kəndinin içindən keçən 569 saylı avtobusa minməli olurlar. Buna görə də kiçiktutumlu Karsan avtobusları sərnişinlərin sayını qarşılaya bilmir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirildi ki, 569 nömrəli marşrut xətti üzrə öncədən köhnə, istismar vəziyyəti qənaəbəxş olmayan “Daewoo” markalı avtobuslar fəaliyyət göstərirdi.
Keyfiyyətin artırılması məqsədilə keçirilən müsabiqə nəticəsində mart ayından etibarən marşrut xətti üzrə say artırılaraq 14 ədəd müasir, 2018-ci il istehsalı olan “Karsan” markalı avtobuslar istismara verilib.
Bu istiqamətdə sərnişin axını nəzərə alınaraq tələbat yaranacağı təqdirdə xəttə əlavə avtobusların cəlb edilməsi nəzərdə tutulur.
525 saylı marşrut sürücülərinin kobud rəftarına gəlincə isə AYNA-dan diqqətə çatdırıldı ki, sürücülərlə maarifləndirmə işinin aparılması daşıyıcılar tərəfindən həyata keçirilir.
“Daşıyıcılarla keçirilən görüşlərdə mütəmadi olaraq onlara müvafiq tövsiyələr verilir. Zərurət yarandığı təqdirdə sürücülər daşıyıcı tərəfdən təkrar təlimə cəlb edilir. Avtobus sürücüləri üçün təlim zamanı onlara etik davranış qaydaları barədə ətraflı məlumat verilir. 525 nömrəli marşrutun daşıyıcısına xəttin nizamlı fəaliyyətini təmin edilməsi və səlahiyyətində olan sürücülərin sərnişindaşıma qaydalarına ciddi riayət etmələri ilə bağlı tapşırıq verilib”.
Şəfiqə Şəfa, Bizim.Media





































































































