Daha Xaçmaz pomidoru olmayacaq? - ARAŞDIRMA 

Daha Xaçmaz pomidoru olmayacaq? - ARAŞDIRMA 

Hazırda oxunan: Daha Xaçmaz pomidoru olmayacaq? - ARAŞDIRMA 

60025

Hamının xüsusi ilə axtarıb-aldığı tək yerli deyil, Rusiya bazarlarının da sevimlisi olan Xaçmaz pomidoru yavaş-yavaş yoxa çıxmağa başlayıb. Hazırda Xaçmaz pomidoru adı altında satılanlar isə təəssüf ki, keyfiyyəti və dad baxımından heç də onunla eynilik təşkil etmir.

Mütəxəssislərin fikrincə, indi rayonda Sovet dövrü ilə müqayisədə pomidor əkini yarıbayarı azalıb. 

Bizim.Media olaraq problemi araşdırmaq üçün Xaçmazın Qaraçay Cek kəndindən olan fermerlər ilə söhbət apardıq.

Onların özlərinə görə, bir müddət əvvəl müəssisədən yerli sakinlər üçün boş torpaqlardan istifadəyə icazə verilmirdi: 

"İki il əvvəl kənd təsərrüfatı naziri İnam Kərimova müraciət etdikdən sonra, onun köməkliyi ilə müəssisə tərəfindən bizə 10 hektar sahə icarəyə verildi. Həmin sahəni mən öz adıma alıb sakinlər arasında bölüşdürdüm. Amma təsərrüfat sahibi bizdən sahənin hektarından 450 manat pul tələb edir. Bu il isə qiymətin 550 manat olacağını deyirlər, bu isə kəndliyə qəti sərf etmir. Həmçinin mövsüm zamanı suvarma suyunun qıtlığı, məhsulun yetişdirilməsi üçün istifadə edilən dərmanların keyfiyyətsizliyi və gübrənin bahalılığı da bizim üçün problemdir. Satış zamanı stabil bazarın olmaması, alıcı zəifliyi çəkdiyimiz zəhmət və xərcin əvəzini vermir". 

Keçən il pomidorun kiloqramının 10-12 qəpiyə olduğunu deyən Cəfər Həsənov Xaçmazın bir vaxtlar məşhur olan yerli pomidor sortlarının indi əkilmədiyini bildirib:

"Məhsuldar Xaçmaz-18 sortu vardı. Hamı tərəfindən sevilirdi. İndi yerli sort pomidorlar çox az əkilir. Üstəlik rayonun 11 istixanası qaz borcu olduğuna görə işləmir. Ona görə də indi özümüz pomidor şitillərini fərdi qaydada sahələrimizdə yetişdiririk".

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, onlar yerli fermerlərin problemlərindən məlumatlıdırlar və bu istiqamətdə müntəzəm işlər aparılır: 

"Bitkinin vegetasiyası dövründə suvarma suyunun çatışmaması, emal müəssisələrində qəbul limitinin az olması, məhsulun satış qiymətinin çox aşağı olması və keyfiyyətli toxum materialının az olması da kəndliyə çətinlik yaradır. Hazırda bu problemlərin həlli istiqamətində mərkəz Kənd Təsərrüfatı Nazirliyi ilə birgə müntəzəm işlər aparır".
 

Qeyd edək ki, Xaçmaz rayonunda keçən il 2013 hektar sahədə pomidor yetişdirilib və bu sahədən 6885 ton məhsul götürülüb. Hektardan 30 tona yaxın məhsul götürən Xaçmaz fermerləri indi növbəti əkinə hazırlaşırlar. 


Biz əslində məşhur Xaçmaz pomidoru sortundan söhbət açacaqdıq. Gördüyünüz kimi, mövcud problemlər həmin məsələnin üstünə gəlməyə imkan vermədi. Necə deyərlər, “keçi ölüm hayındadır, çoban piy axtarır”. Yaz əkininə isə lap az qalıb, ona görə Xaçmaz fermerlərinin cari problemləri həll olunmasa, növbəti il üşün də acınacaqlı vəziyyətlə üzləşəcəklər, bol məhsul gözləməyə dəyməyəcək.

Məşhur Xaçmaz pomidoru ilə bağlı yazımız isə növbəti araşdırmamızda olacaq. Elmi-Tədqiqat İnstitutunun bu istiqamətdə gördüyü işlərlə maraqlanacağıq və nəticəsindən sizləri də agah edəcəyik. Bizi izləməyə davam edin. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO