Qardaşı uşaqlarını bıçaqlayan şəxsə BU CƏZA VERİLDİ

Qardaşı uşaqlarını bıçaqlayan şəxsə BU CƏZA VERİLDİ

Hazırda oxunan: Qardaşı uşaqlarını bıçaqlayan şəxsə BU CƏZA VERİLDİ

599543

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Vüsal Hətəmovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətə azadlıqdan məhrum edilib.
 

İttihama görə, Vüsal Hətəmov Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələrində nəzərdə tutulmuş – iki və ya daha çox şəxsə, xüsusi amansızlıqla və zərərçəkmişlərin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən ağır bədən xəsarəti yetirmə cinayətini törətməkdə təqsirləndirilir.


İş materiallarına əsasən, hadisə 12 aprel 2025-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində baş verib.

Belə ki, təqsirləndirilən şəxs həmin gün qardaşı və qonşusu ilə birlikdə yemək yeyib, bir qədər spirtli içki qəbul edib. Daha sonra evin həyətində qardaşı ilə qonşusu arasında mübahisə yarandığını görərək onları sakitləşdirməyə çalışıb. Bu zaman qardaşı onu təhqir edərək üzünə sillə vurub. Bundan hiddətlənən Vüsal yaşadığı mənzildən bıçağı götürərək qardaşının üzərinə gedib.
 

Hadisə zamanı qardaşının yetkinlik yaşına çatmayan övladı – 2009-cu il təvəllüdlü zərərçəkmiş Səid Hətəmov (adı, soyadı şərtidir) onların arasına girərək mübahisəni dayandırmağa və qanunsuz hərəkətlərin qarşısını almağa çalışıb.


Təqsirləndirilən şəxs məhz zərərçəkmişin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar olaraq, ailə üzvlərinin gözü qarşısında ona xüsusi əzab verdiyini dərk edə-edə bıçaqla bir dəfə zərbə endirib. Nəticədə Səidə qarının ön divarının bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarasından ibarət, həyat üçün təhlükəli hesab edilən ağır xəsarət yetirilib.

Bundan sonra Vüsal kriminal davranışını davam etdirərək digər qardaşı oğlu – zərərçəkmiş Faiq Hətəmova (adı, soyadı şərtidir) hücum edib. O da ailə üzvlərinin gözü qarşısında mübahisəni sakitləşdirməyə və ictimai borcunu yerinə yetirməyə çalışıb.
 

İttihama görə, təqsirləndirilən şəxs müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək bıçaqla Faiqə bir dəfə zərbə endirib. Nəticədə sonuncuya daxili qanaxma ilə müşayiət olunan, qarının ön divarından daxilə nüfuz edərək köndələn çənbər bağırsağı zədələyən deşilmiş-kəsilmiş yara yetirilib. Həmin xəsarət də həyat üçün təhlükəli olan ağır bədən xəsarəti kimi qiymətləndirilib.


Beləliklə, Vüsal Hətəmov xüsusi amansızlıqla iki nəfərin sağlamlığına qəsdən ağır zərər vurub.

Məhkəmə baxışı zamanı Vüsal Hətəmov Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO