Oğuzun Filfilli kəndində istilik mənbəyi kimi odundan istifadə edilir. Rayon mərkəzindən ən ucqarda yerləşməsinə baxmayaraq kəndin demək olar əksər infrasturukturu yenilənib. Lakin ilin yarısından çoxu qarlı və şaxtalı keçən kənddə təbii qaz yoxdur.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dağların ətəyində yerləşən bu yaşayış məntəqəsində qışın 7-8 ay davam etdiyini nəzərə alsaq sakinlərin mavi yanacaqdan necə əziyyət çəkdiyini təsvir etmək o qədər də çətin deyil. Sakinlər bildirir ki, kəndin 2 km-nə qədər qaz xətti çəkilib və beləcə də saxlanılıb və onlar 4 ildir qaz xəttinin çəkilməsini gözləyirlər. Bu vəd verilsə də təssüf ki, bu günə qədər icra olunmur.
80 yaşlı kənd ağsaqqalı Şirin Eldarovla kəndin mərkəzində söhbətləşirik. Deyir, bu kəndin gənclərinin əksəri daha yaxşı şəraitdə yaşamaq üçün buranı tərk edir. İlk növbədə istilik problemi olmalıdır ki, insanlar qışı rahat keçirə bilsinlər.
“Kəndimiz dağların əhatəsində yerləşsə də, bizə tək qış aylarında deyil, həm də il boyu odun-yanacaq lazımdır. Bizə qışdan çıxmağa ən azından 3 maşın odun olmasa mümkün deyil. Odunda ki, bahadır almaq olmur. 500-600 manatdır bir maşın odun yəni burada yaşamaq çox çətindir. Dəfələrlə xahiş eləmişik, vəd verilib, lakin əməl olunmur”,- deyə kənd sakini qed edib.
Kənd sakini Əfruz Ağakişiyeva mavi yanacaq sarıdan çox əziyyət çəkdiklərini bildirir. Qışın uzun və sərt keçdiyi kənddə odun sarıdan gileyli olan ağbirçək nənə müvafiq təşkilatlardan məsələyə tezliklə bir əncam çəkilməsini xahiş edir.
Sakinlər ətraflarının dağ-dərə, meşəlik olmasına baxmayaraq oradan odun gətirməyə icazə verilmədiyini diqqətə çatdırır. Bu isə onlara xeyli maddi vəsaitə başa gəlir.
Kənd icra nümayəndəliyindən bildirildi ki, Filfillinin qazlaşması dəfələrlə müvafiq təşkilatlar qarşısında qaldırılıb. Verilən son məlumata əsasən 2026-30-cu illərin investisiya planına salınıb.
Məsələ ilə bağlı “Azəriqaz” İB-dən bildirildi ki, qazlaşma proqramı Birliyin daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Oğuz rayonunun Filfilli kəndinin küçə qaz xətlərinin çəkilişi işlərinə növbəti mərhələlərdə baxıla bilər.





Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu


























































































