Xaçmaz şəhərində Azərbaycanın Dövlət bayrağına hörmətsizlik olunub.
Bizim.Media-nın çəkiliş qrupu bayraqların dayaqlarla birlikdə yerə atıldığı ərazidə olub.
Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Xaçmaz rayon şöbəsinin yerləşdiyi həyətin sağ tərəfində qalaqlanmış dayaqlar ilk baxışda diqqət çəkib və mənzərə təssüf doğurub.
Dayaqların yuxarı hissəsinə bərkidilmiş Azərbaycan bayraqları ilə birlikdə yerə atıldığı müşahidə olunub. Dəmir dayaqların altında və kənar hissələrində bir neçə Dövlət bayrağı görünüb.
Qeyd edək ki, bayraqların dayaqlarla birlikdə yerə atıldığı ərazidə AQTA-nın Xaçmaz rayon şöbəsinin binası yerləşir. Hansı ki, bu küçə Vətən müharibəsi şəhidi Rauf Babayevin adını daşıyır. Küçənin girişində şəhidin plakatı da quraşdırılıb.
Məsələ ilə bağlı AQTA ilə əlaqə yaratdıq. Agentlikdən Bizim.Media-ya bildirilib ki, sözügedən ərazi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Xaçmaz rayon şöbəsinə deyil, Xaçmaz Mənzil- Kommunal Təsərrüfatı İdarəsinin balansına məxsusdur.
Xaçmaz Mənzil-Kommunal təsərrüfatı idarəsinin rəisi Mikayıl Müslümov isə saytımıza açıqlamasında bunları deyib:
“Yeni təyin olunmuşam. Dayaqlar çoxdan oradadır, fikir verməmişəm. Bu gün bayraqlar oradan götürüləcək”, - deyə o, bildirib.
Azərbaycan Respublikasının Dövlət bayrağı ölkənin suverenliyinin, müstəqilliyinin və şəhidlərimizin qanı bahasına qorunan dövlətçiliyinin rəmzidir.
Belə bir rəmzin yerə atılması, baxımsız, hörmətsiz və sıradan bir əşya kimi digər materiallarla birlikdə qalaqlanaraq yerə atılması təssüf doğurub.
Ümid edirik ki, məsul şəxslər vəziyyətə dərhal müdaxilə edərək Dövlət rəmzlərimizin qorunması və düzgün şəkildə saxlanılmasına riayət edəcəklər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

































































































