Son vaxtlar sosial şəbəkələrdə yayılan məlumatlar göstərir ki, insanlarda süni intellektdən həkim kimi, psixoloq kimi istifadə etmək meyilləri var. Yəni bir çox insan psixoloqa getməmək üçün problemlərinin həllini ChatGPT-də axtarır.
Bu vərdişin müxtəlif səbəbləri var. Bir yandan psixoloqların seans qiymətləri, digər tərəfdən süni intellektdən alınan sürətli cavablar müvəqqəti də olsa, qarşı tərəfə rahatlıq verir.
Bəs ümumilikdə süni intellekt psixoloqu əvəz edə bilərmi? ChatGPT-dən psixoloq kimi istifadə etməyin hansı riskləri var?
MÖVZU İLƏ BAĞLI:
ChatGPT-də yetkinlik yaşına çatmayanlar üçün YENİ SİSTEM
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən psixoloq Gülnar Orucovanın sözlərinə görə, ilk növbədə nəzərə almaq lazımdır ki, bu, sadəcə çatbotdur, həkim deyil. Yəni insana düzgün istiqamət verməyə bilər:
“İnsanlar həkimə və psixoloqa getməmək üçün çatbotdan istifadə edirlər. Amma süni intellektdən həddən artıq istifadə etmək insanda asılılıq yarada bilər. Həyatındakı ən xırda detalı belə ChatGPT ilə məsləhətləşərək həyata keçirmək təhlükəlidir. Ümumiyyətlə, bu çatbot insana stressi azaltmaq üçün məsləhət verə bilər, amma, məsələn, panika halı, depressiya, intihara meyillilik kimi ciddi problemlərdə insana kömək edə bilməz. Çünki real həyatda psixoloqun yanına getdiyiniz zaman o, sizin bədən dilinizə, jest mimikalarınıza baxaraq və sizinlə empatiya quraraq vəziyyətinizi anlaya bilir və buna uyğun tövsiyələr verir. Amma çatbot bunu edə bilməz”.
Psixoloq bildirir ki, əslində, insanlar bu çatbota problemlərini yazmaqla özlərini başqa tərəfdən də riskə atırlar:
“Şəxsi məlumatlarınızı çatbotla paylaşmaq qarşınıza gələcəkdə daha fərqli problemlər çıxara bilər, yəni bu məlumatlar başqa yerlərdə istifadə oluna bilər. Hətta bəzən insanlar dərmanları belə ChatGPT ilə məsləhətləşərək alırlar. Bu, sizə həkim deyil, süni intellektdir. Çatbotdan istifadə edərək xəstəliyini bilmədən dərman almaq ciddi fəsadlara yol aça bilər.
Həmçinin, ChatGPT-dən çox istifadə edənlər real həyatda dost tapa bilmirlər və insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər. Həyatdan təcrid olunmuş bir insan kimi yaşamaq, problemlərini yalnız çatlarla müzakirə etmək aktivliyi və fəaliyyəti azaldır, insanı daim telefondan asılı hala gətirir”.
Fatimə Əliyeva, Bizim.Media




































































































