Tünd şokoladın orta miqdarda müntəzəm istehlakı ürək-damar sağlamlığı göstəricilərinin yaxşılaşması və metabolik risklərin, o cümlədən qaraciyərin piylənməsi ilə bağlı amillərin azalmasına səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, “Nutrients” jurnalında dərc olunmuş icmalın müəllifləri bu nəticəyə gəliblər.
Ürək-damar xəstəlikləri və qaraciyərin metabolik disfunksiyası (MASLD) inkişafın ümumi mexanizmlərinə, yəni xroniki iltihab, oksidləşdirici stres, lipid və karbohidrat mübadiləsinin pozulmasına malikdir. İcmalda yer alan məlumata görə, kakao flavanolları (xüsusilə epikatexin və katexinlər) prosesə təsir göstərə bilər: azot oksidinin bioəlçatanlığını artırmaq, oksidləşdirici stresin səviyyəsini və iltihabyaradıcı siqnalların aktivliyini azaltmaq qabiliyyətinə malikdir.
Klinik tədqiqatlarda tünd şokoladın orta miqdarda istehlakı lipid profilinin yaxşılaşması ilə əlaqələndirilib, yəni “yaxşı” xolesterinin səviyyəsinin artması, ümumi xolesterin səviyyəsinin azalması müşahidə olunub. Həmçinin, damar funksiyasının göstəricilərinin yaxşılaşması, arterial təzyiqin azalması, qaraciyər hüceyrələrinin zədələnməsi və iltihab markerlərinin azalması barədə məlumat verilib. Bununla belə, müəlliflər vurğulayırlar ki, tədqiqatların əksəriyyəti azsaylı iştirakçıları əhatə edib və qısamüddətli olub.
Tədqiqatçılar qeyd edirlər ki, söhbət məhz yüksək kakao və flavanol tərkibli tünd şokoladdan gedir. Bununla yanaşı, şokoladın infarkt riskini azaltdığını və ya qaraciyər xəstəliklərinin inkişafını ləngitdiyini təsdiqləyən kifayət qədər sübut hələ ki mövcud deyil. Müəlliflərin sözlərinə görə, bu məhsul balanslaşdırılmış qidalanmaya mümkün əlavə kimi nəzərdən keçirilə bilər, lakin müstəqil profilaktika vasitəsi hesab olunmamalıdır.
Bizim.Media

































































































