Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılması təklif edilib.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü onlayn iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə əks olunub.
Qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilmişdir.
Həmin müddəa “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 12-ci maddəsinin “b” bəndində də nəzərdə tutulub.
Praktikada kişi cinsli vətəndaşlar müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmazdan əvvəl müddətli həqiqi hərbi xidmət keçdiklərinə görə hərbi xidmətə uyğunlaşma mərhələsini artıq başa vurmuş olurlar.
Qadınlar isə müddətli həqiqi hərbi xidmət keçmədən birbaşa müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə görə ilkin mərhələdə hərbi xidmət şəraitinə uyğunlaşmada çətinliklərlə üzləşirlər. Qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.
Qeyd olunanları nəzərə alaraq, qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılmasını nəzərdə tutan müddəanın əlavə edilməsi təklif olunur.
Bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcəkdir.
Günay Şahmar, Bizim.Media




























































































