Tanınmış telejurnalist İlhamiyyə Rza həyat yoldaşı Həmid Herisçi ilə birgə televiziya sahəsindən getməsi barədə xəbərlərə dair yeni açıqlama verib.
Bizim.Media xəbər verir ki, İlhamiyyə Rza Mədəniyyət kanalından gedişinin Mehriban Ələkbərzadə ilə əlaqələndirilməsini istisna edib.
O bununla bağlı açıqlamasında bildirib:
“Bu, AzTV-dən, Mədəniyyət kanalından gediş yox, televiziya karyerasından gedişdir. Media fəaliyyətimiz davam edəcək. Fərqli platformada. Televiziya nə qədər doğma olsa da, internet imkanlarına uduzub artıq. Uduzmaya da bilərdi - sosial şəbəkələrdən daha maraqlı kontent hazırlamaqla, kütləvi mədəniyyətə qatılmamaqla, elitar, zövqlü efir məhsulları hazırlamaqla!
Bu qədər imkan müqabilində nələr etmək olmazdı ki... Kütləvi mədəniyyətdə siz hər zaman məğlub olacaqsınız. Çünki kütləvi mədəniyyət daha rahat platformalara sahiblənib. Belə baxanda heç onların televiziyaya ehtiyacları yoxdur. Bəs siz niyə onlara möhtacsınız?
Ədalət naminə deyim ki, Mədəniyyət kanalı bu mövzuda istisnadır. O da, öz profilinə görə başqa cür ola da bilməzdi. Uzun, əksəriyyətiniz üçün maraqsız mövzudur. Şənbə günü Youtube platformasında yerlədirilmiş sonuncu verilişimizə 290 baxış, 17 like, 1 şərh gəlib. Verilişin mövzusuna, keyfiyyətinə zərrə qədər şübhəm yox! Amma bu, o deməkdir ki, bu verilişə, bu mövzuya maraq yoxdur. Siz də deyirsiniz niyə getdiniz, meydanı kimlərə qoydunuz... P.S. Fikirlərimin təhrif edilməsi ehtimalını istisna etmək üçün əksəriyyətinizin verdiyi eyni suala elə buradan cavab yazıram: bizim bu qərarımızın Mehriban Ələkbərzadə ilə heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, İlhamiyyə Rza 2022-ci ildən həm də Cəbrayıl, Qubadlı və Zəngilan Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.
Xatırladaq ki, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə bir neçə gün öncə "Azərbaycan Televiziya və radio Verilişləri" QSC-nin bədii rəhbəri təyin olunub.

Bizim.Media

































































































