"Azərbaycan mədəniyyətinə "ağır itki üz verib" - Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası "qətlə yetirilib"... Ağrılı və üzücü xəbərdi. Ən dəhşətlisi isə bu hadisənin ARKA adlanan qurum (Azərbaycan Respublikası Kino Agentliyi) tərəfindən həyata keçirilməsidir".
Bizim.Media xəbər verir ki, bu sözləri ssenarist və kinodramaturq Eldəniz Quliyev sosial şəbəkədə yazıb.
İctimai xadim Azərbaycan kinosunun vəziyyətindən bəhs edib:
"Yəni, bir neçə ay əvvəl Mədəniyyət Nazirliyinin tabeçiliyində olan ARKA-nın bir dəstə əməkdaşı studiyanı zəbt (işğal da demək olar) eləmək, qocaman bir sənət məbədini birdəfəlik əzmək, ləğv eləmək məqsədilə "Azərbaycanfilm"ə "hücum etdi"lər.
Bu müthiş hadisənin davamı isə belədir: qeyd etdiyim şəxslər əvvəlcə, on illərlə kinostudiyada işləyən və talelərinə, eləcə də alınlarına "KİNO" yazılmış işçiləri pərən-pərən salır, daha sonra əsas işi kino istehsalı olan yaradıcı-sənaye bazasının strukturunu və fəaliyyət prinsiplərini tələm-tələsik dəyişdib, əvəzində "alqı-satqı" obyektinə çevriməsi prosesinə start verirlər.
Və təzə "xozeyinlər" bütün bu "kreativ" əməllərini "Bağdaddakı kor xəlifə"ni yamsılamaqla həyata keçirirlər... Nəticədə, mənəviyyatımızın tərkib hissəsi olan daha bir müqəddəs sənət ocağı kor qoyulur...
Kino ictimaiyyəti, milli mədəniyyətimizə, milli-mənəvi və əxlaqı dəyərlər sisteminə cavabdeh olan səlahiyyət sahibləri isə hələ də susurlar! Təəssüf, heyif".

Bizim.Media

































































































