Son illər məktəblərdə mobil telefonlardan istifadənin şagirdlərin diqqətinə və tədrisin keyfiyyətinə mənfi təsiri geniş müzakirə olunur. Bu təkcə Azərbaycanda deyil, bütün dünyada öz həllini gözləyən problemlərdəndir. Bəzi ölkələrdə qismən məhdudlaşdırlma aparılsa da Böyük Britaniyada dərs vaxtı mobil telefon istifadəsi tam qadağan edilib və qaydanı pozanlar cərimələnəcək. Bu qərar diqqətləri digər ölkələrdə, o cümlədən Azərbaycanda məktəblərdə mobil telefon istifadəsi ilə bağlı mövcud vəziyyətə yönəldib.
Şagirdlərin telefon asılılığı təkcə onları təhsildən yayındırmır. Həm də yaşlarına uyğun olmayan kontekslərə, şiddət xarakterli oyunlara da meyilləndirir.
MÖVZU İLƏ BAĞLI:
Uşaqlar haqqında məlumatların yayılması ilə bağlı YENİ TƏLƏB
Belə olan halda Azərbaycan məktəblərində də oxşar qadağanın tətbiqi barədə hər hansı plan və ya təşəbbüs varmı?
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili Ceyhun Məmmədov bildirdi ki, günümüzə baxanda aydın olur ki, telefonların məktəbdə istifadəsi şagirdlərə yalnız mənfi təsir göstərir:
“Görünən odur ki, məktəblərdə biz həm müəllimlərə, həm də şagirdlərə telefon qadağasını tətbiq eləməliyik. Ona görə də bu istiqamətdə davamlı və fəal iş aparmalıyıq. Çünki çox təəssüf ki, telefonlara həddən artıq aludəlik istər müəllimlər, istərsə də şağirdlərdə müşahidə olunur.
Dövrümüzün ən böyük kəşflərindən biri olmaqla yanaşı mobil telefonlar xüsusən də süni intellekt və sosial medialar səbəbindən ən ciddi problem yaradan əşyalara çevrilib.
Bunlardan düzgün istifadə olunmaması, problemi daha dərinləşdirir. Bu səbəbdən də problemin həlli üçün ciddi işlər aparılmalıdır”.
Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev də öncəki brifinqlərində mobil telefonların məktəblərdə tamamən yasaqlanmasına aydınlıq gətirmiş, hələlik tamamən yasaqlanmasının mümkün olmadığını, gələcəkdə təkrar baxılacağını bildirmişdi. Nazir qeyd etmişdi ki, gələcəkdə telefon istifadəsi məsələsinin daha dəqiq tənzimlənməsi üçün yeni qaydalar üzərində işləniləcək.
Şəfiqə Şəfa, Bizim.Media


























































































