Uşaqlarını gözəllik salonunda tərk edib gedən ana ilə bağlı ŞOK DETALLAR

Uşaqlarını gözəllik salonunda tərk edib gedən ana ilə bağlı ŞOK DETALLAR

Hazırda oxunan: Uşaqlarını gözəllik salonunda tərk edib gedən ana ilə bağlı ŞOK DETALLAR

593016

Xəbər verildiyi kimi Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda bir müddət nənə və baba ilə yaşayan uşaqların daha sonra ana tərəfindən gözəllik salonlarından birinə tərk edildiyi yazılıb. Vəziyyətlə bağlı dövlət qurumları dərhal müdaxilə edərək uşaqları sığınacağa yerləşdirib.

Bəs, ana azyaşlı uşaqlarını niyə tərk edib?

Məsələ ilə bağlı Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Bizim.Media-ya açıqlamasıda bildirib ki, hazırda sığınacaqda olan uşaqlarla psixoloq məşğul olur. Tezliklə onların qida və geyim təminatı da həll ediləcək:

“Uşaqlardan qızın 8, oğlanın isə 9 yaşı var. Onların heç bir sənədi yoxdur. Sənədləri olmadığı üçün təhsildən yayındırılıblar və hazırda dövlət xəstəxanalarında həkim yoxlanışından keçə bilmirlər. Ancaq biz sığınacaq olaraq onların özəl xəstəxanada və ya tanış bir həkimin müayinəsindən keçə bilmələri üçün səy göstəririk. Əsas məqsədimiz uşaqların sənədlərini düzəltməkdir. Daha sonra təhsillərini bərpa etməyə çalışacağıq. Ana və ya ata sığınacağa gəlib bizə bu məsələdə köməklik göstərsələr, daha rahat olar. Çünki bəzi sənədlərin alınmasında valideynin rolu vacibdir”.

Mehriban Zeynalovanın sözlərinə görə uşaqlardan alınan məlumatlara əsasən, şirniyyat alıb-sataraq işləyən anaları narkotik aludəçisi imiş:

“Uşaqlar öz valideynlərinin yaşlarını da bilmirlər. Amma valideynlərini çox sevdiklərini deyiblər. Uşaqların sözlərinə görə, ata onları bir müddət ögey nənə və babanın yanına göndərib. Orada ögey nənə tərəfindən uşaqlara psixoloji zorakılıq göstərilib, bəzən bir quru çörək yemələrinə belə icazə verilməyib. Daha sonra ana uşaqları oradan götürüb və rəfiqəsinin salonunda baxmağa başlayıb. Son 5 gün ərzində isə ana uşaqları gözəllik salonuna tərk edib və bir daha görməyə gəlməyib. Uşaqlardan biri ürəyində şiş olduğunu deyərək ağrılarından şikayətlənib”.

Sığınacaq nümayəndələri valideynlərdən hələ də xəbər ala bilməyib. Çağırış edilir ki, əgər ananın hər hansı müalicə dəstəyinə ehtiyacı varsa, uşaqları mütəmadi görmək şərti ilə ona yardım göstərilə bilər. Çünki sənədlərin hazırlanmasında valideynlərin verməli olduğu məlumatlar var.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO