Soyuq havada infarkt riski 3 dəfə artır – Kardioloqdan XƏBƏRDARLIQ

Soyuq havada infarkt riski 3 dəfə artır – Kardioloqdan XƏBƏRDARLIQ

Hazırda oxunan: Soyuq havada infarkt riski 3 dəfə artır – Kardioloqdan XƏBƏRDARLIQ

591256

Dünyada ölüm səbəbləri arasında hələ də ürək və damar xəstəlikləri birinci yerdədir.

2022-ci ilin məlumatlarına görə, dünya üzrə 19 milyon 800 min insan ürək-damar xəstəlikləri səbəbindən həyatını itirib. Xüsusilə qış aylarında ürək-damar xəstəlikləri ilə əlaqəli risklər nəzərə çarpacaq dərəcədə artır. Bədənimiz soyuq havada istiliyini qorumaq üçün qan damarlarını daraldır.
 

Damarların yığılması qan axınını çətinləşdirir və təzyiqin yüksəlməsinə səbəb olur. Nəticədə, ürək bədənə qan vurmaq üçün daha çox işləmək məcburiyyətində qalır. Ürək əzələsi üzərində yaranan bu əlavə yük, xüsusilə, yüksək təzyiqi olan xəstələrdə nəzarətsiz təzyiq artımına, infarkta və insult riskinə gətirib çıxarır.


Bundan əlavə, soyuq havada qanın axıcılığının azalması da infarkt və insultla nəticələnə bilər. Aparılan araşdırmalara görə, bütün bu amillər soyuq havada infarkt riskini təxminən 3 dəfə artırır.

Bəs bu təhlükəyə qarşı soyuq havalarda hansı tədbirlər görmək lazımdır?

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli kardioloq Əmrah Ərdoğan, xüsusilə, yüksək təzyiqi və ürək-damar xəstəliyi olan şəxsləri qışda daha diqqətli olmağa çağırıb və öz məsləhətlərini bölüşüb.

Bədəninizi isti saxlayın, ani temperatur dəyişikliyindən qaçın

Qış aylarında bədəni isti saxlamaq ürək sağlamlığını qorumaq üçün ən vacib qaydadır.

Ürəyinizi qorumaq üçün soyuq havalarda qat-qat geyinməyə diqqət yetirin. Soyuq havada vacib olmaqdıqca çölə çıxmayın. Baş, əllər və ayaqlar soyuq havada istiliyi daha tez itirir.

Buna görə də papaq, əlcək və şərfdən istifadə edərək bu nahiyələri qorumaq çox vacibdir. Soyuq və yağışlı havalarda su keçirməyən gödəkçə və çətirdən istifadəni vərdiş halına gətirin.
 

Bundan başqa, isti mühitdən birdən-birə soyuq havaya çıxmaq bədəni şoka sala bilər. Sürətlə isinmək üçün isti su, elektrik qızdırıcıları və ya isti yastıq kimi birbaşa istilik verən vasitələrdən istifadə etməyin. Əgər geyimləriniz islanıbsa, quru paltar geyinib, isti bir yerə keçməyiniz kifayətdir.


Təzyiqinizi mütəmadi ölçün, peyvəndlərə laqeyd yanaşmayın

Qış aylarında soyuq hava arterial təzyiqin gözlənilmədən yüksəlməsinə səbəb ola bilər. Buna görə də evdə təzyiq ölçən cihaz saxlayın və qan təzyiqinizi mütəmadi olaraq yoxlayın.

Göstəricilərdə ciddi dəyişikliklər müşahidə etsəniz, gecikmədən kardioloqa müraciət edin. Eyni zamanda, qrip və pnevmoniya zamanı orqanizmdə artan iltihabi proseslər damar divarlarına mənfi təsir göstərir.

Bu vəziyyət ürək damarlarında lövhələrin qopmasına və infarkta səbəb ola bilər. Bu səbəbdən, 65 yaşdan yuxarısınızsa və ya şəkərli diabet kimi xroniki xəstəliyiniz varsa, qrip və pnevmokok peyvəndi ilə bağlı mütləq həkimlə məsləhətləşin.

Qidalanmaya fikir verin
 

Sağlam qidalanma, xüsusilə, qış aylarında ürək sağlamlığının qorunmasında mühüm rol oynayır. Rasionunuza bol miqdarda təzə meyvə, tərəvəz və taxıllı bitkilər əlavə edin. Xolesterini yüksəldən qızardılmış və ya duzlu qəlyanaltıları isə azaldın.


Qış aylarında susuzluq hissi azaldığı üçün su içməyi unuda bilirik. Halbuki orqanizmin susuz qalması yayda olduğu kimi qışda da ürəyə əlavə yük salır. Buna görə gün ərzində 2–2,5 litr ilıq su və bitki çayları qəbul etməyi vərdiş edin. Həmçinin, qışda isti bir fincan qəhvə və ya çay içmək xoş olsa da, həddindən artıq kofein qan təzyiqini yüksəldə bilir.

Əllərinizi tez-tez yuyun

Soyuqdəymə və yoluxucu xəstəliklərə səbəb ola biləcək mikroblar ürəyimizə də zərər verə bilər. Özünüzü mikroblardan qorumaq üçün əllərinizi ən azı 20 saniyə ərzində tez-tez sabun və su ilə yuyun. Mümkün qədər qapalı məkanlarda olmaqdan və xəstə insanlarla yaxın təmasdan çəkinin.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO