Masazır qəsəbəsi, Nəriman Nərimanov küçəsində günlərdir eyni problem sakinləri narahat edir. Zədələnmiş içməli su borusundan tonlarla təmiz su yerə axır, küçəni gölməçəyə çevirir. Sakinlərin sözlərinə görə, problem İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə bildirilib.
Qurum tərəfindən dəfələrlə “gələcəyik”, “baxılacaq” vədləri verilsə də, bu günə qədər əraziyə nə qəza briqadası gəlib, nə də real tədbir görülüb.
Şikayətçi Nahib Orucov deyir ki, bir il öncə köçdüyü bu evdə problemin olduğunu ona dəyən ziyandan sonra xəbər tutub. Qonşuların sözlərinə görə əslində bir neçə ildir ki, axıntı olub, aidiyyəti quruma da müraciət edilib. Amma şikayətə laqeyd yanaşılıb. Vəziyyət isə getdikcə acınacaqlı hal alır.
Hazırda isə şikayətçi evini və həyətini basan suyun qarşısını almaq üçün şəxsi hesabına xüsusi texnika gətirərək arx qazdırıb.
Su ehtiyatlarının qorunması, yeni anbarların tikilməsi və su təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl işlər görüldüyü bir vaxtda Masazırda içməli suyun çölə axması haqlı suallar doğurur: bu israfın məsuliyyətini kim daşıyır?
Ən acınacaqlısı odur ki, problemin həll olunmadığı bu müddətdə bu qədər içməli su hədər gedir, dövlət resursları açıq-aşkar israf olunur.
Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əlaqə saxladıq. Qurumdan əraziyə baxış keçirmək üçün nümayəndələr göndərildiyi bildirildi.
Həmçinin qeyd olundu ki, su borusu sakinlər tərəfindən qazıntı işləri aparılarkən zədələnib. Borunun axıntı olan hissəsi müvəqqəti olaraq rezin başlıqla bərpa edilib. Qəza briqadası yaxın zamanlarda xəttin bərpasını icra edəcək.
Mövzunu diqqətdə saxlayacağıq.
Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim.Media































































































