Bakıda Hindistanda Sikhlərə və digər azlıqlara qarşı zorakılıq mövzusunda beynəlxalq konfrans KEÇİRİLİR - FOTO

Bakıda Hindistanda Sikhlərə və digər azlıqlara qarşı zorakılıq mövzusunda beynəlxalq konfrans KEÇİRİLİR - FOTO

Hazırda oxunan: Bakıda Hindistanda Sikhlərə və digər azlıqlara qarşı zorakılıq mövzusunda beynəlxalq konfrans KEÇİRİLİR - FOTO

591054

Yanvarın 16-da ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda Sikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçirilir.

Bizim.Media xəbər verir ki, tədbirdə Pəncab əyalətinin İnsan Hüquqları və Azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmilər, eləcə də Sikh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dakı nüfuzlu nümayəndələri, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, həmçinin Hindistan hökumətinin repressiv, irqçi və təqib siyasətinin birbaşa qurbanı olmuş şəxslər iştirak edirlər.
 

Konfransda Hindistan hökumətinin Sikhlərə və digər etnik azlıqlara qarşı sistemli irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, xüsusilə BMT-nin “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə Mübarizə üzrə Beynəlxalq Konvensiya” və “İşgəncələrə qarşı Konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri müzakirə olunacaq.


Real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanması və müvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamların araşdırılması, eləcə də BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında müzakirələr aparılacaq.

Beynəlxalq və yerli qeyri-hökumət təşkilatları və akademik çevrələrin bu prosesdə rolu, onların hazırladığı hesabatların, hüquqi rəylərin və tövsiyələrin beynəlxalq qərar qəbuletmə mexanizmlərinə təsir imkanları müzakirə olunacaq.

Xatırladaq ki, Sikhizm XV əsrdə yaranıb və doktrinasında kasta mənsubiyyətindən, cinsiyyətindən və dilindən asılı olmayaraq bütün insanlar arasında tam bərabərliyi təbliğ edir.

Bu səbəbdən Sikhizm ənənəvi hindu kasta sistemini qəti şəkildə rədd edir. Hindistanda Sikh icmasının sayı təxminən 25 milyondan artıqdır və onlar əsasən Pəncab ştatında, Hindistanın əsas kənd təsərrüfatı bölgəsində məskunlaşıblar.
 

Qeyri-hökumət təşkilatları və müstəqil ekspertlər tərəfindən beynəlxalq təşkilatlara təqdim edilmiş hesabatlarda bildirilir ki, Hindistan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi silahlı basqınlar və repressiv siyasət nəticəsində yalnız 1984-cü ildə 8 min –17 min Sikh qətlə yetirilib, 50 mindən çox Sikh üzvü isə Hindistan hökumətinin təqiblərindən qaçaraq xarici ölkələrə mühacirət edib.

 
1980–1990-cı illərdə Pəncabda Sikh icmasının minlərlə üzvü oğurlanıb və ya qaçırılıb, eyni zamanda, məhkəmə prosesi olmadan qondarma ittihamlarla qətlə yetirilib. Hazırda hüquqlarını tələb edən Sikh fəallar “separatizm” və ya “casusluq” ittihamları ilə həbs edilir, Pəncabda polis reydləri isə artmaqda davam edir. Xaricdə yaşayan Sikh fəallara qarşı terror aktları təşkil olunub və Kanada ilə ABŞ rəsmi qurumları bu aktların törədilməsində Hindistan xüsusi xidmət orqanlarını ittiham ediblər.

Qeyd edək ki, qaçan Sikh icmasının üzvlərinin böyük əksəriyyəti hazırda Kanada, Böyük Britaniya, ABŞ və Avstraliyada məskunlaşıblar və Hindistanda bu gün də davam edən siyasi repressiyalara qarşı ədalət tələb edirlər.

Zikh icması Hindistan hökumətindən 1984-cü il anti-Sikh qırğınlarının rəsmi olaraq soyqırımı kimi tanınmasını, yeni müstəqil istintaq komissiyasının yaradılmasını, soyqırımı təşkilatçılarının məhkəmə qarşısına çıxarılmasını və 1980–1990-cı illərdə Pəncabda minlərlə yoxa çıxmış şəxsin taleyinin aydınlaşdırılmasını tələb edir.

Onlar, həmçinin qanunsuz həbs edilmiş Sikh fəalların azadlığa buraxılmasını və onlara siyasi məhbus statusunun verilməsini, Pəncabın muxtariyyətinin genişləndirilməsini və idarəetmədə mərkəzi hökumətin müdaxiləsinin qadağan olunmasını istəyirlər.

Bundan əlavə, xaricdəki Sikh fəallara qarşı transmilli repressiyaların, o cümlədən sui-qəsd və təhdidlərin dayandırılmasını, beynəlxalq araşdırmalara icazə verilməsini, həmçinin Hindistan hökumətinin 1984-cü il qırğınları üçün rəsmi üzr istəməsini və qurbanlara kompensasiya ödənilməsini tələb edirlər.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO