Saxta əlillik sənədi düzəltməkdə ittiham olunan müğənni Dəniz Əsədovanın barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 22-nə təyin edilib.
MÖVZU İLƏ BAĞLI:
Həbsdən çıxan Dəniz Əsədova yenidən HAKİM QARŞISINDA
Dəniz Əsədova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4, 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə ittiham verilib. Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.
İttihama görə, o, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.
İş üzrə dövlətə 1,6 milyon manat ziyan vurulub.
Bəs bu əməlinə görə ifaçını hansı cəza gözləyir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ruslan Müstafayev deyib ki, məhkəmə istintaqı zamanı müəyyən hallar var ki, onlar araşdırılmalıdır:
“Araşdırmaların nəticələrinə uyğun olaraq qərar qəbul edilməlidir. Əgər Dəniz Əsədovanın təqsiri sübut olunsa, o zaman irəli sürülən maddələrlə ona cəza tələb edilə bilər. İrəli sürülən maddələrdən birində kifayət qədər ağır cəza nəzərdə tutulub - 3 ildən 7 ilədək həbs.
Digər maddədə alternativ cəzalar da var. Ona görə də cinayət əməlinin dərəcəsi müəyyən olunmalıdır. Çünki adı çəkilən həkimin iştirakı ilə 100-dən çox insana əlillik dərəcəsinin verilməsi ilə bağlı məlumatlar var. Dəniz Əsədovanın törədilən bu cinayətdə rolunun dərəcəsi müəyyən edildikdən sonra əməlinə görə cəza tələb edilə bilər. Yəni İfaçının nə qədər insana saxta əlillik dərəcəsinin verilməsində iştirakı əsas məsələdir. Daha çox iştirak daha ağır cəza deməkdir”.
Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib.
O, vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən Binəqədi rayon Məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.
Dəniz Əsədova dekabrın 22-də Amnistiya aktı çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmənin 4 saylı (qadınlar üçün nəzərdə tutulan) cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Surxay Atakişiyev, Bizim.Media































































































