Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yol infrastrukturu müəyyən qədər yenilənsə də, illərdir diqqətdən kənarda qalan və real təhlükə yaradan ərazilər hələ də qalmaqdadır. Burada problem yolun keyfiyyəti deyil, onun yaratdığı davamlı riskdir.
Gəncə şəhəri Nəriman Nərimanov prospektinin Göygöl rayonu istiqamətinə çıxış hissəsi artıq çoxdandır ki, “ölüm zonası”na çevrilib.
Yolun hər iki tərəfində yaşayış evləri yerləşməsinə baxmayaraq, bu ərazidə nə sürət radarı, nə də işıqfor mövcuddur. Nəticədə sürücülər yaşayış massivinin ortasında, daha doğrusu “Reklamın yanın”dan sanki magistral yolda hərəkət edirmiş kimi yüksək sürət yığırlar.

Ortaya çıxan mənzərə isə illər əvvəl “Yol əhvalatı” filmində Mustafanın idarə etdiyi içərisi qoyunlarla dolu yük avtomobilinin evə çırpılması səhnəsini xatırladır. O səhnə kinoda gülüş doğururdu. Gəncədə isə eyni “səhnə” real həyatda dəfələrlə təkrar olunur və burada sadəcə təhlükə var.
Bu günlərdə yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil Gəncə şəhəri Nəriman Nərimanov prospekti 443 ünvanında yerləşən yaşayış evinə çırpılıb.

Həmin ərazidə 1 il ərzində 10 avtomobil idarəetmədən çıxaraq birbaşa eyni yaşayış evinə dəyib.
Bu barədə Bizim.Media-ya həmin ünvanda yaşayan vətəndaş müraciət edib.
Onun bildirdiyinə görə xoşbəxtlikdən, hadisə zamanı evdə heç kəs olmayıb və insan itkisi qeydə alınmayıb.
Məlumat üçün bildirək ki, məhz bu ünvanda baş verən yol-nəqliyyat hadisələri bütün faktlarla müvafiq qurumlar tərəfindən qeydiyyata alınıb.

Təhlükə ilə üz-üzə qalan ev sahibləri hesab edir ki, çıxış yolu olduqca sadədir. Belə ki, bu əraziyə sürət radarı və ya işıqforun quraşdırılması ilə potensial faciələrin qarşısını almaq mümkündür. Amma hələki hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində addım atılmır.
Təhlükə isə hər an qaçılmazdır...
Mövzunu diqqətdə saxlayacağıq...





Alçina Amilqızı, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:00 / 09.01.2026
“Yol əhvalatı”nda gülərək baxdığımız səhnə Gəncədə TƏHLÜKƏYƏ çevrilib – FOTO
Hazırda oxunan: “Yol əhvalatı”nda gülərək baxdığımız səhnə Gəncədə TƏHLÜKƏYƏ çevrilib – FOTO
Hazırda oxunan: “Yol əhvalatı”nda gülərək baxdığımız səhnə Gəncədə TƏHLÜKƏYƏ çevrilib – FOTO
589849
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































