“Birmənalı şəkildə deyə bilərik ki, müasir Azərbaycanda dövlət-din münasibətlərinin sivil, dünyəvi və milli dəyərlərə söykənən konseptual əsasları Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən Din Xadimlərinin II Forumunun açılış mərasimində deyib.
O bildirib ki, din azadlığı yalnız formal hüquq kimi deyil, Konstitusiya ilə təmin olunmuş real bir dəyər kimi təqdim olunur:
“Ulu Öndər dövlət idarəçiliyinin ən mürəkkəb dönəmlərində böyük siyasi uzaqgörənliklə müəyyənləşdirmişdi ki, müstəqilliyini bərpa etmiş bir xalqın birliyini təmin edən ən mühüm faktor məhz milli-mənəvi dəyərlərə və tarixi köklərə qayıdışdır. Bu yanaşma konyuktur xarakterli deyil, hüquqi əsaslara söykənən, ardıcıl və prinsipal xarakter daşıyır.
Din azadlığı yalnız formal hüquq kimi deyil, Konstitusiya ilə təmin olunmuş real bir dəyər kimi təqdim olunur. Bu o deməkdir ki, din dövlət idarəçiliyinin alətinə çevrilmir, eyni zamanda dövlət dinə qarşı laqeyd mövqe tutmur və bütün konfessiyalar bərabər hüquqlara, imkanlara malikdirlər. Bu prinsip dövlətimizin vicdan azadlığına verdiyi ali dəyərin və hüquqi ehtiramın bariz nümunəsidir.
Ulu Öndər Heydər Əliyevin dühası sayəsində Azərbaycanın dünyəvi dövlət quruluşu ilə mənəvi dəyərlər arasında elə bir üzvi və balanslı vəhdət formalaşdırıldı ki, bu modeldə din dövlətdən ayrı olsa da, cəmiyyətin mənəvi sağlamlığının və ictimai harmoniyanın ayrılmaz tərkib hissəsidir.
Bu yanaşma çərçivəsində hər bir vətəndaşın dini etiqad azadlığı Konstitusiya səviyyəsində təsbit olundu, bütün inanc sahiblərinin dövlət tərəfindən qayğı ilə əhatə edildiyi tolerantlıq məktəbinin möhkəm təməli qoyuldu.
Ulu Öndərin memarı olduğu bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün qlobal çağırışlarına uyğun olaraq daha da zənginləşdirildi, ölkəmiz dünya miqyasında multikulturalizm mərkəzinə, sivilizasiyalararası dialoqun həlledici platformasına çevrildi. Milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan addımlar, inşa və bərpa edilən dini abidələr dövlətimizin öz keçmişinə və gələcəyinə olan sadiqliyinin parlaq nümunələrindəndir.
Bu mənəvi quruculuq prosesində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətlərini xüsusi qeyd etməliyik”.
Naibə Məmmədova, Pərviz Allahverdiyev, Bizim.Media

































































































