Efiopiya–Somali müharibəsi əsasən 1977–1978-ci illərdə mübahisəli Oqaden bölgəsi uğrunda baş verib. Bu qarşıdurma iki ölkə arasında onilliklər boyu davam edən ərazi mübahisəsinin silahlı mərhələyə keçməsi idi. Daha sonrakı dövrdə – 2006-cı ildə isə Efiopiya Somalidə hökumət qüvvələri ilə İslam Məhkəmələri Birliyi (ICU) arasında gedən müharibəyə birbaşa müdaxilə edərək islamçı qruplaşmaları devirmək məqsədilə bu ölkəyə qoşun yeritdi.
1988-ci ildə Efiopiya ilə Somali arasında sülh müqaviləsi imzalansa da, sərhəd məsələsi tam həll olunmadı. Bu isə diplomatik münasibətlərin kəsilməsi, birbaşa uçuşların dayandırılması ilə nəticələndi.
“Beynəlmiləlçi əsgərlər”
Oqaden müharibəsində Sovet İttifaqı və Kuba birbaşa olaraq Efiopiyanı dəstəkləyirdi. Bu çərçivədə SSRİ Silahlı Qüvvələrinin tərkibində xidmət edən yüzlərlə hərbi mütəxəssis – o cümlədən azərbaycanlılar – Efiopiyaya göndərilmişdi. Onlar əsasən hərbi məsləhətçi, tərcüməçi, texniki mütəxəssis kimi fəaliyyət göstərirdilər.
Bizim.Media xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev araşdırma aparıb.
Tarixçi həmin müharibədə iştirak etmiş hərbçilərdən biri - Rafiq İsmayılov haqqında tarixi faktları üzə çıxarıb:
“Azərbaycanlı hərbiçilər arasında artilleriya və tank məsələləri üzrə mütəxəssislərlə yanaşı, MiQ-21 və MiQ-23 təyyarələrinin ekipajında yer alanlar da olub. Həmin dövrdə bu missiyalarda iştirak edən şəxslərin adları ciddi şəkildə məxfi saxlanılırdı. Rəsmi sənədlərdə bu fəaliyyət “beynəlxalq vəzifənin yerinə yetirilməsi” kimi qeyd edilir, onlara “beynəlmiləlçi əsgər” statusu verilirdi.
Adlar və fotolar gizlədilsə də, sonrakı illərdə MDB məkanında bir sıra veteranların xatirələri sosial şəbəkələrdə və yerli mediada dərc olunub. Həmin müsahibələrdə döyüş xatirələri, real hadisələr və şəxsi müşahidələr yer alır.
Rafiq İsmayılov: məxfilik pərdəsi arxasındakı azərbaycanlı mütəxəssis
Məhz bu xatirələr və qeydlər arasında azərbaycanlı hərbçi Rafiq İsmayılovun adına rast gəlinir. Bir neçə mənbə, sayt və müsahibə əsasında onun fəaliyyəti barədə müəyyən məlumatlar toplamaq mümkündür. Təəssüf ki, bu günə qədər onun fotosunu tapmaq mümkün olmayıb.
Oqaden müharibəsi zamanı SSRİ Addis-Əbəbəyə geniş tərkibdə hərbi mütəxəssislər göndərmişdi. Rafiq İsmayılov Efiopiya ordusunun texniki-taktiki üstünlüyünün təmin olunmasında mühüm rol oynayan mütəxəssislər sırasında idi. O, artilleriya sistemləri və atəş hazırlığı üzrə peşəkar mütəxəssis kimi fəaliyyət göstərirdi.
Oqadenin dağlıq və səhra relyefində artilleriya Somali tank birləşmələrinin irəliləyişinin qarşısının alınmasında həlledici rol oynayırdı. Rafiq İsmayılov təkcə təlimçi deyil, eyni zamanda birbaşa atəş zərbələrinin planlaşdırılmasında iştirak edən mütəxəssislərdən biri kimi xatırlanır.
Mənbələrdə onun 122 mm D-30, 130 mm M-46 artilleriya qurğuları, eləcə də BM-21 “Qrad” yaylım atəş sistemlərinin öyrədilməsi və tətbiqində fəal rol oynadığı bildirilir.
Hərbçilər onun haqqında fəxrlə danışırlar...
Efiopiya bölmələrinin ciddi itkilər verdiyi və döyüş nəzarətini itirdiyi kritik anlarda Rafiq İsmayılovun vəziyyətə birbaşa müdaxilə etmək, döyüşü idarə etmək səlahiyyətlərinə malik idi. Məhz bu xidmətlərinə görə o, müharibədən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif edilib.
Rafiq İsmayılov kimi şəxslər məxfi əməliyyatların iştirakçıları olduqları üçün onların adları uzun illər gizli saxlanılıb. Onun hazırda sağ olub-olmaması barədə dəqiq məlumat yoxdur. Lakin o dövrdə sovet ordusunda xidmət etmiş hərbçilər onun haqqında fəxrlə danışırlar.
Azərbaycanda Efiopiya missiyasında iştirak etmiş veteranlar beynəlmiləlçi əsgərlər arasında xüsusi “elita” kimi qəbul olunur. Bunun əsas səbəbi həmin bölgəyə göndərilən mütəxəssislərə qoyulan son dərəcə yüksək peşəkarlıq tələbləri idi”.
Bizim.Media






























































































