“Ümid edirəm ki, tailandlılar gözəl Azərbaycana - Bakıya, Naxçıvana, xarici turistləri qəbul etməyə hazır olanda Şuşaya, Qarabağa səfər edəcəklər. Mən heç vaxt Qarabağda olmamışam, amma Qarabağda olmaq istərdim. Mən artıq Naxçıvanda, dəfələrlə Bakıda olmuşam və yenidən Azərbaycana qayıtmaq istərdim”.
Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a Tailandın Azərbaycandakı keçmiş səfiri Apirat Suqondhabhirom ölkəmizin Banqkokda səfirliyinin açılışını şərh edərkən deyib.
“Bu gün Tailandla Azərbaycan arasında münasibətlərdə və dostluqda çox mühüm tarixi hadisə baş verir. Banqkokda Azərbaycan səfirliyinin açılış mərasiminə qatılmaq fürsətindən çox məmnunam və əminəm ki, paytaxtımız Banqkokda Azərbaycanın diplomatik təmsilçiliyi iki ölkə arasında mövcud yaxşı münasibətləri və dostluğu daha da gücləndirəcək”, - deyən sabiq diplomat əlavə edib ki, siyasi, iqtisadi-ticari məsələlərdə, insanlar arasında münasibətlərdə, turizm, mədəni məsələlər və digər sahələrdə araşdıra, təşviq və inkişaf etdirə biləcəyimiz böyük potensial var:
”Birlikdə edə biləcəyimiz çox şey var və qarşılıqlı faydalı münasibətlər qura bilərik”.
Apirat Suqondhabhirom fikrini belə davam etdirib:
“Mən Azərbaycanın dostu kimi danışıram. Əvvəl Tailandın Azərbaycandakı səfiri işləmişəm.
Təqaüdə çıxmışam, amma ürəyim hələ də Azərbaycanla birlikdədir. Gəlin, ölkələrimiz arasında dostluğun daha da möhkəmləndirilməsi üçün birgə işə ümid edək”.
Bizim.Media




























































































