Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində xalqımızın xilaskarı, müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə silsilə tədbirlər keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda xalqımızın dahi oğlunun əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.
Daha sonra Dövlət Sərhəd Xidmətinin ali zabit heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.
Dövlət Sərhəd Xidmətinin aparatında keçirilən tədbirdə şəxsi heyət əvvəlcə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində Ümummilli Liderin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən foto-ekspozisiya ilə tanış olublar.
Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edən tədbirdə çıxış edənlər Ulu Öndərin dövlət başçısı olduğu illərdə Azərbaycan xalqının böyük tarixi yol keçdiyini, respublikamızın iqtisadiyyatının sürətlə inkişaf etdiyini, xalqımızın mədəni səviyyəsinin yüksəldiyini, güclü iqtisadi, sosial və hərbi potensialın yarandığını bildirdirib, əldə olunan imkanlarla güclü Azərbaycan Ordusunun yaradıldığını, məhz buna görə də Qarabağın azadlığının ən böyük memarının Heydər Əliyev olduğu xüsusi vurğulanıb.
Qeyd edilib ki, Ulu Öndərin milli inkişaf konsepsiyasını uğurla davam etdirən, beynəlxalq aləmdə respublikamıza böyük hörmət və nüfuz qazandıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişaf edərək dünyanın qabaqcıl və firavan ölkələrindən birinə çevrilib. Dövlət başçısının rəhbərliyi ilə əldə edilən uğurların Heydər Əliyev zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların davamı olduğu şəxsi heyətin diqqətinə çatdırılıb.
Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş “On birinci Qarabağnamə” filmi nümayiş etdirilib.


Bizim.Media


































































































