Bakıda keçiriləcək Eqmont Qrupunun 32-ci plenar iclası üçün İş Planı TƏSDİQLƏNDİ

Bakıda keçiriləcək Eqmont Qrupunun 32-ci plenar iclası üçün İş Planı TƏSDİQLƏNDİ

Hazırda oxunan: Bakıda keçiriləcək Eqmont Qrupunun 32-ci plenar iclası üçün İş Planı TƏSDİQLƏNDİ

584735

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının növbəti iclası keçirilib.

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən bildirilib.

İclası giriş sözü ilə açan Baş Nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov dünya ölkələrinin Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair qərarını Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun daha bir bariz göstəricisi olduğunu qeyd edib.
 

Diqqətə çatdırılıb ki, bu mötəbər tədbirin ölkəmizdə layiqli və yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq təşkilati-hazırlıq işlərinin həyata keçirilməsi üçün aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi Koordinasiya Şurasına həvalə olunub.


Eqmont Qrupu, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində milli maliyyə kəşfiyyatı qurumlarının fəaliyyətinə və aralarında qarşılıqlı məlumat mübadiləsinə dəstək vermək məqsədilə 1995-ci ildə təsis edilib.

Azərbaycan isə 2011-ci ildə tamhüquqlu üzv qismində bu qrupa qoşulub.

Koordinasiya Şurasının üzvləri və Şura iclasına dəvət olunmuş bir sıra dövlət orqanlarının nümayəndələri tərəfindən Eqmont Qrupunun 32-ci Plenar İclasının keçirilməsinə dair məsələlərin ətraflı müzakirəsinin yekunu olaraq İş Planı təsdiq edilib.

İclasda həmçinin, Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə Avropa Şurasının MONEYVAL Komitəsinə təqdim edilmiş tərəqqi hesabatı barədə məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin FATF standartlarına uyğunlaşdırılması sahəsində mühüm irəliləyiş əldə edilib.

Bu çərçivədə FATF-ın 7 tövsiyəsi üzrə ölkəmizin reytinqinin qaldırılması gözlənilir.

Bundan əlavə, iclasda ölkədə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı digər məsələlər də müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO