Bundestaq (Almaniya parlamenti) bu gün keçirilən yekun səsvermədə Almaniya Silahlı Qüvvələrinə – Bundesverə çağırış islahatı ilə bağlı qanun layihəsini qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə DW məlumat yayıb.
Almaniyanın müdafiə naziri Boris Pistoriusun təşəbbüsündə bütöv yaş qrupları üçün məcburi tibbi müayinənin bərpası nəzərdə tutulur. 2027-ci ilin iyulundan etibarən 2008-ci il təvəllüdlü gənclərdən başlayaraq bütün alman yeniyetmələri bu müayinədən keçməli olacaqlar. Hər il təxminən 300 min gənc bu prosesə cəlb olunacaq.
Eyni zamanda 2026-cı ildən etibarən 18 yaşa çatmış oğlanlar xüsusi anket doldurmalı olacaqlar. Sənəddə onların fiziki hazırlığı və Bundesverdə xidmətə hazır olub-olmadığı barədə suallara cavab vermək tələb olunacaq.
Qızlar da anketi doldurub xidmətə hazır olduqlarını bildirə bilərlər, lakin bu, yalnız könüllülük əsasında mümkündür.
Qanunun qəbulu fonunda alman tələbələr bu gün universitetləri boykot etmək qərarına gəliblər. Onlar “biz toplar (artilleriya – red.) qarşısında qurban olmaq istəmirik” şüarı ilə tətilə başlayacaqlar.
Qeyd edək ki, Almaniya Konstitusiyasına əsasən, hərbi xidmətə yalnız kişilərin məcbur edilə bilməsi qanunla təsbit olunub.
Xatırladaq ki, islahat NATO-nun şəxsi heyətin sayına dair yeni tələbləri və Rusiyadan qaynaqlanan artan təhlükə fonunda hazırlanıb. Bu tələblərə əsasən, Almaniya 2035-ci ilədək böhran və ya müharibə halında təxminən 460 min hərbçi səfərbər edə bilməlidir.
Bizim.Media
























































































