Göyçayda torpaq sahəsinə görə əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən Şaiq Salmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub, Ş.Salmanov 3 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə bu il martın 22-də Göyçay rayonunun Bığır kəndində baş verib.
Kənd sakini, 1973-cü il təvəllüdlü Şaiq Salmanovla atasının əmisi oğlu, 1961-ci il təvəllüdlü Nazir Salmanov arasında torpaq sahəsinə görə uzun müddətdir mübahisəsi yaranıbmış. N.Salmanov iddia edirmiş ki, Şaiq Salmanovun istifadə etdiyi torpaq sahəsi ona məxsusdur.
Bu il martın 22-də Şaiq qardaşıgilə bayramlaşmağa gedib. Axşam saatlarında evinə qayıdarkən görüb ki, Nazir Salmanov onun həyəti ilə özünün həyətinin arasındakı çəpərini geri çəkib, əvvəlki sərhədə ağaclar əkib. Buna görə qohumlar arasında başlayan mübahisə davaya çevrilib. Nəticədə Şaiq üzərində gəzdirdiyi bıçaqla Nazirə iki zərbə endirib.
Hadisə yerinə polis əməkdaşları gəlib, Şaiq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, Şaiq Salmanov barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media































































































