Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Gənclər Günü ilə əlaqədar neftçalalı gənclərlə geniş görüş keçirib.
Bizim.Media xəbər verir ki, görüşdə icra hakimiyyəti ilə yanaşı, Gənclər və İdman İdarəsinin, GİKM-nin yerli nümayəndəliyinin məsul şəxsləri, ictimai fəallığı ilə seçilən gənclər, Vətən müharibəsi iştirakçıları və tələbələr iştirak edib.
Gənclər Gününün yaranması haqqında danışan Mirhəsən Seyidov bildirib ki, ümummilli lider Heydər Əliyev 1 fevral 1997-ci ildə “2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, hər il 2 fevral Azərbaycan Gəncləri Günü kimi qeyd edilir.
O, Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, ölkə miqyasında aparılan gəncləşmə siyasətindən və gənclərin daha səmərəli inkişaf etməsi üçün yaradılan şəraitdən danışıb.
Görüşdə gənclər açıq mikrofon vasitəsilə icra başçısına öz istək və təkliflərini bildiriblər. Ən çox səsləndirilən təkliflər isə gənclərin məşğulluğunun təmin olunması, onların asudə vaxtının səmərəli keçirilməsi üçün məkanların təşkil edilməsi, eləcə də, sosialyönümlü olub.
Mirhəsən Seyidov gənclərin qeyd etdikləri məsələlərin həlli istiqamətində addımlar atılacağına söz verib.
Bizim.Media