Sosial şəbəkələrdə “təmizlik ayları” BAŞLAYIR - Tiktokerlər söyüşsüz necə qazanacaqlar?

Sosial şəbəkələrdə “təmizlik ayları” BAŞLAYIR - Tiktokerlər söyüşsüz necə qazanacaqlar?

Hazırda oxunan: Sosial şəbəkələrdə “təmizlik ayları” BAŞLAYIR - Tiktokerlər söyüşsüz necə qazanacaqlar?

582666

Sosial şəbəkələrdə daha çox izlənmək xatirinə ortaya atılan kobud sensasiyaların dövrü bitir — ən azı rəsmilərin açıqlamalarına baxanda belə görünür. Əxlaqsız ifadələr, nalayiq jestlər, milli-mənəvi dəyərlərə zidd bədən nümayişləri… Dünənə kimi “kontent” sayılsa da, bundan sonra inzibati xəta maddələrinin birbaşa hədəfinə çevriləcək.

O zaman bir sual gündəmə gəlir: söyüşlə şöhrət tapan tiktokerlərin “krallığ”ı süqut edirmi?

“Krallıq” sözü burada boşuna işlənməyib. Bu kontentdə olan tiktokerlər əməlli-başlı öz səltənətlərini qurublar, onların çoxsaylı orduları, təlxəkləri, yaltaqları da öz yerindədir. Hər canlı efirə çıxanda virtual tacları başlarından əskik olmur. Silahları da kı bəllidir – söyüş yağan dilləri... Bu tiktokerlərini biznes modeli elə söyüşün özüdür — söyüş varsa baxış var; baxış varsa reklam var.

Qurduqları biznes çökür...

İndi həmin “fenomenlər” üçün qadağa xəbəri soyuq duş effekti yaratdı. Çünki illərlə qışqır-bağır, təhqirlə dolu isti-isti videoları, bundan sonra soyuq suda “cızz” eləyəcək. Başqa sözlə, biznesləri indi qanun qarşısında bir neçə cümləlik protokola uduza bilər. Özünəməxsus karyera planı – söyüş trend, bununla  da pul qazanmaq metodu qanunla sıfırlanır. Artıq bu istiqamətdə addımlar da atılıb.

Tiktoker Ləman Vəliyeva özünün video platformasında dəfələrlə qeyri-etik ifadələr səsləndirdiyinə görə polis bölməsinə çağırılıb. Ondan başqa “Po jizni Cesi” ləqəbli Cəsarət Cavadov, “Roşka” ləqəbli Rövşən Süleymanov məsuliyyətə cəlb olunublar. Bu siyahını uzatmaq da olar. Amma uzatmasaq da aydındır ki, cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı tədbirlər davam edəcək.

Çoxlarının sevimlisi olan “Cesi”lər, “Roşka”lar, “Ləman”lar  anlamalı olacaqlar ki, kontent yaratmaqla milli mədəniyyəti məhv etmək, etik davranışları pozmaq arasında çox böyük fərq var.

Bəs söyüşsüz nə edəcəklər? Danışa biləcəklərmi? Yoxsa bütün kreativlikləri elə həmin üç-beş nalayiq ifadədən ibarət imiş?

İstənilən halda, görülən tədbirlərin bir müsbət tərəfi var: sosial şəbəkə nəhayət ki, “kimin söyüşü daha yağlıdır” müsabiqəsi yox, kimin danışığı dəyərlidir məkanına çevrilə bilər. Bir sözlə, sosial şəbəkələrdə “təmizlik ayları”na start verilir...

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO