Günahkar qonşudur, ittiham olunan DÖVLƏT – Füzuliyə qayıdan vətəndaşın ABSURD ŞİKAYƏTİ

Günahkar qonşudur, ittiham olunan DÖVLƏT – Füzuliyə qayıdan vətəndaşın ABSURD ŞİKAYƏTİ

Hazırda oxunan: Günahkar qonşudur, ittiham olunan DÖVLƏT – Füzuliyə qayıdan vətəndaşın ABSURD ŞİKAYƏTİ

582125

Təəssüflər olsun ki, cəmiyyətimizdə ictimai mülkiyyətə qarşı biganəliyə tez-tez rast gəlinir. Bu bəlkə də SSRİ dövründən zehnimizdə qalan yanlış yanaşmanın nəticəsidir. Bir çox insanın küçəyə zibil atılmasına, marşrut avtobuslarında oturacaqların sındırılmasına susması, irad bildirməməsi də məhz bundan qaynaqlanır.

Bundan əlavə, yaşadığı binada xidmət sektorlarının avadanlıqlarına ögey münasibətə də tez-tez rast gəlinir. Baxmayaraq ki, həmin avadanlıqlar bilavasitə bizim rahatlığımıza xidmət edir, amma bəzilərinin gözü nədənsə ancaq nöqsan axtarır. Kimlərəsə haqlı-haqsız irad bildirmək, ucuz vasitələrlə “qəhrəman olmaq” bəzi vətəndaşların aludə olduğu ən pis vərdişə çevrilib.

Kiminsə səhlənkarlığına görə niyə dövlət ittiham olunur?

Bir neçə gün öncə Füzuli şəhəri bina 5, mənzil 112-də subasma hadisəsi baş verib. Mənzil sahibi də hadisənin səbəblərini araşdırmadan, birbaşa səbəbkarın üstünə getmək əvəzinə sosial şəbəkələrdə məsuliyyətsiz paylaşımlar edib, tikinti işlərinin keyfiyyətsiz aparıldığını iddia edib.
 

Halbuki müvafiq qurumların apardığı araşdırma nəticəsində məlum olub ki, subasma üst mərtəbədə yaşayan sakinin məsuliyyətsizliyi ucbatından baş verib. Belə ki, 115-ci mənzildə yaşayanlar istilik radiatoruna kənar müdaxilə edib. Nəticədə radiatordan axan su alt mərtəbədəki 112-ci mənzili basıb. Alt mərtəbədə yaşayanlar isə qonşularına irad bildirmək və ya müvafiq xidmət təşkilatlarına müraciət etmək əvəzinə çarəni sosial şəbəkədə axtarmağa başlayıblar.


Təbii ki, hər iki mənzil sahibinin hərəkətləri məsuliyyət yaradır. Üst mərtəbədəki sakinin ictimai mülkiyyətə və altdakı qonşunun əmlakına vuduğu zərərə görə maddi məsuliyyət daşıyır. Evini su basmış şəxsin məsələni tam araşdırmadan sosial şəbəkədə əsası olmayan paylaşım etməsi isə mənəvi məsuliyyət yaradır.

Dövlət daha nə etməlidir?

Azərbaycan cəmi 44 günə işğal altında olan əraziləri, o cümlədən Füzuli rayonunu düşmən tapdağından azad etdi. Üstəlik Azərbaycan Ermənistanı məcbur etdi ki, Laçın, Kəlbəcər, Ağdam və digər ərazilər bir güllə atılmadan, itkisiz geri qaytarılsın.
 

Müharibədən sonrakı dövrlərdə ərazilərin minalardan təmizlənməsinə başlanıldı və həmin bölgələrdə yenidənqurma işlərinə start verildi. Yüzlərlə evlər tikildi, ən müasir infrastruktur yaradıldı və yaradılmağa davam edir.


Bu ağır və uzun prosesi isə Azərbaycan dövləti xarici yardımlar olmadan, öz hesabına reallaşdırır.

Üstəlik, dövlət imkan vermədi ki, itirdiklərini bərpa eləmək üçün məcburi köçkünlər bir manat da olsun, cibindən pul xərcləsin. Hazırda 60 mindən çox insan işğaldan azad edilmiş ərazilərdə yaşayır, çalışır, təhsil alır.

Həmin insanlar ən müasir infrasturktura malik evlərdə məskunlaşdırılır, tibb müəssisələrində müalicə olunur, təhsil ocaqlarında təhsil alırlar.

Bir sözlə, dövlət hər bir vətəndaşına sahib çıxır, onların bütün arzu və istəklərini qarşılayır. Bütün bunların əvəzində isə bəzi vətəndaşlar təşəkkür yerinə, dövlətə qaşrı haqsız ittihamlar irəli sürür.

Vətəndaş ərköyünlüyünün son həddi

Bu gün işğaldan azad olunmuş ərazilərdə yaradılan şərait istənilən mərkəzi şəhərlə müqayisədə çox üstün səviyyədədir. İşıqlı, geniş küçələr, əsl memarlıq nümunəsi olan evlər və müasir infrastruktur yeni salınmış hər bir qəsəbənin və şəhərin diqqət çəkən reallığıdır.
 

Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə inşa edilən çoxmərtəbəli binaların hamısı davamlı və keyfiyyətli istiliklə təmin edilib.


Dövlət bundan artıq nə etməlidir?! Bəlkə hər mənzilə, hər radiatora bir xidmət əməkdaşı təhkim edilsin?!

Azərbaycan dövləti vətəndaşların rahat və məmnun yaşaması üçün gecə-gündüz çalışır, möcüzəyə bərabər işlər görür. Amma vətəndaşlar da öz vəzifələrini icra etməlidirlər. Bunun üçün ilk növbədə onlar yaradılan infrastruktura məsuliyyətlə yanaşmalı, düzgün istifadə qaydalarına riayət etməlidirlər.

Hər hansı problemin yaranmasını isə tikintinin keyfiyyətsiz aparılması ilə əlaqələndirmək absurddur.

Çünki hər birimizin evində, hətta ən yüksək keyfiyyətli təmir işləri aparıldıqda belə müəyyən problemlər ortaya çıxır və onları həll etmək üçün əlimizdən gələni edirik. 

Ona görə də, dövlət tərəfindən mənzillə təmin olunmuş vətəndaşlarımız da özləri lazımi tədbiri görməsələr belə, heç olmasa yaranan problemlə bağlı vaxtında müvafiq dövlət orqanlarına məlumat verməlidirlər.
 

Belə olarsa, heç bir narahatlıq yaşanmaz, problemlər qısa zamanda həllini tapar.


Nəzərə alaq ki, Qarabağ, Şərqi Zəngəzur hələ də Azərbaycan dövlətinin, xalqının ən həssas yeridir. Ona görə də bu bölgələr barədə səslənən istənilən neqativ söz dövlətimizdən, hakimiyyətdən öncə hər birimizin heysiyyatına toxunur. Bu reallığı isə daim diqqətdə saxlamaq lazımdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO