Sosial şəbəkələr həm böyüklərdə, həm də uşaqlarda yeni vərdişlər yaradıb. Məsələn, insanların çoxu artıq uzun səsli mesajlara qulaq asa bilmirlər, uzun mətnləri oxuya bilmirlər. Çünki səbrləri çatmır. Bu da sosial şəbəkələrin 15-30 saniyəlik "reels", "shorts" videolarından irəli gəlir.
Belə vərdişlərdən biri də yemək yeyərkən hər hansı bir videoya baxmaq, nəsə izləmək ehtiyacının yaranmasıdır. Artıq bir çox insanda, xüsusilə azyaşlılarda bu vərdiş var. Onlar yemək yeyərkən mütləq nəsə izləmək istəyirlər, video olmadan yeyə bilmirlər.
Valideynlərin əksəriyyəti də bu metoddan istifadə edirlər ki, övladları videoya fokuslansın və asanlıqla yemək yesin. Əslində isə bu, vərdiş halına gəlir və uşaqlarda ekran bağımlılığı yaradır.
Bizim.Media mövzuyla bağlı psixoloq Aygün Ağabalayevanın fikirlərini öyrənib.
O, bildirib ki, yemək yeyərkən video izləməyə ehtiyac duyan böyüklərin çoxu yeməkdən zövq almayanlardır:
"Son illər yemək zamanı mütləq şəkildə ekran izləmək adi davranış kimi formalaşıb. Əslində yemək bəziləri üçün zövq, bəziləri üçün darıxdırıcıdır. Həmin insanlar üçün video izləyə- izləyə yemək vaxtın keçməsi üçündür".
"Daim video izləyək yemək yeyən insanın doymaq hissi olmur"
"Uşaq vaxtı isə valideynlər övladları asan yemək yesin deyə video, cizgi film izlədirlər. Uşağın başı qarışır və yemək yeyir. Bəzən valideynlər iştahı olmayan uşaqlar üçün bunu edirlər. Ancaq daim yemək yeyəndə video izləmək, daim informasiya qəbul etmək diqqəti zəiflədir. İnsan rahat, sakit yeməyi, yeməkdən zövq almağı bacarmır. Daim monitor qarşısında yeyən insan
doyumluluq hiss etmir".
Psixoloq bildirib ki, bu vərdiş sinirləri aktiv edir, gərginliyə, stressə yol açır və məktəbdə də fəsadları özünü göstərir.
"Ekranla yemək yeməyə öyrəşən uşaqlar məktəb zamanı da dərsə qulaq asmaqdan, öyrənməkdən tez sıxılırlar. Çünki uzun müddət nəyəsə fokuslana bilmirlər. Onlar nə yeməyin qoxusunu, nə də dadını hiss edə bilirlər".
Bəs artıq övladını buna öyrəşdirən valideyn nə etməlidir?
"Təbii ki, birdən qadağa qoymaq olmaz. Ancaq mərhələli şəkildə olmalıdır. Yaxşı olar ki, valideynlər özləri yemək zamanı telefonlarını süfrədən uzaq tutsunlar" - deyə psixoloq qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media


























































































