"Uşaq hər iki valideynlə sağlam münasibət saxladıqda, boşanmanın mənfi təsirləri daha az olur" - Vüsal Məmmədovla MÜSAHİBƏ

"Uşaq hər iki valideynlə sağlam münasibət saxladıqda, boşanmanın mənfi təsirləri daha az olur" - Vüsal Məmmədovla MÜSAHİBƏ

Hazırda oxunan: "Uşaq hər iki valideynlə sağlam münasibət saxladıqda, boşanmanın mənfi təsirləri daha az olur" - Vüsal Məmmədovla MÜSAHİBƏ

581525

Hər il ölkəmizdə Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin (20 noyabr 1989-cu il) ildönümü ərəfəsində – 20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir.

Bu müddət ərzində uşaqların hüquq və maraqlarının qorunması sahəsində ictimai məlumatlılığın artırılması məqsədilə Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən maarifləndirici fəaliyyətlər, görüşlər və tədbirlər təşkil olunur. 

Bizim.Media-nın bugünkü müsahibi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini, psixoloq və hüquqşünas Vüsal Məmmədovdur.

- Vüsal müəllim, xoş gördük. Statistika göstərir ki, respublikamızda boşanmaların sayı artmaqdadır və bu prosesdən ən çox təsirlənən tərəf şübhəsiz ki, uşaqlardır. Boşanmaların uşaqlar üzərində mənfi təsirini necə azaltmaq olar?

- Salam.Mərkəzimizə xoş gəlmisiniz. Doğrudur, valideynlərin ayrılması, ümumilikdə boşanma prosesi əksər hallarda uşağın psixikasına mənfi təsir göstərir. Əgər ailənin dağılmasının qarşısını almaq mümkün deyilsə, valideynlər boşanmanın uşağın psixikasına necə təsir göstərəcəyi barədə ətraflı düşünməlidirlər. Erkən yaşda travmatik bir hadisənin nəticələri uşağın kövrək psixikasına neqativ təsir göstərir. Təcrübəli psixoloq həmin neqativ təsiri minimuma endirməyə, problemi həll etməyə kömək edə bilər. Əks halda gələcəkdə zərərli psixi və fizioloji dəyişikliklərin inkişaf riski var.

Xarici ölkələrin təcrübəsinə nəzər yetirdikdə görürük ki, məsələn ABŞ-də uşaqlarla bağlı məhkəmə mübahisələrində psixi sağlamlıq sahəsində ixtisaslaşmış mütəxəssislərin - psixoloqların, psixiatrların və psixoterapevtlərin iştirakı geniş yayılıb. Mütəxəssislərin iştirakının maarifləndirici proqramlar, fərdi, qrup və ya ailə psixoterapiyasının elementlərini özündə ehtiva edən mediasiya prosesi və məhkəmə ekspertizası kimi müxtəlif formaları mövcuddur.


Psixoloqların və psixiatrların fəaliyyəti əsasən məhkəməyə qədərki mərhələdə uşaqlarının yaşayış yeri və uşaqla ünsiyyət qaydası ilə bağlı razılığa gələn ailələrinin sayının artmasına yönəlib. Bununla belə boşanma prosesində olan bir qrup valideynlərin arasında olan konfliktlər elə səviyyədə olur ki, məhkəmə orqanları olmadan onların arasında olan mübahisələri həll etmək mümkün olmur. Belə ailələr yüksək konfliktli ailələr olaraq qəbul olunur və bu ailələrin uşaqları boşanmanın neqativ təsirlərinə daha çox məruz qalırlar.

- Boşanma bütün hallarda uşağın psixikasına neqativ təsir göstərir?

- Xeyr, bütün hallarda deyil. Tədqiqatlar göstərir ki, münaqişəli ailədə gərgin mühitdə yaşayan uşaqlar üçün bəzən boşanma daha sağlam seçim olur. Ailədə tez-tez baş verən aqressiya və emosional gərginliyin sona çatması, münaqişələrin bitməsi uşağın psixi vəziyyətinin stabilləşməsinə müsbət təsir edə bilər. Lakin ümumilikdə, boşanma prosesi uşağın emosional fonunda dəyişikliklərə, aqressiv davranışlara, yuxu pozuntularına səbəb ola bilər. Burada əsas məsələ - valideynlərin davranış strategiyasıdır. Uşaq hər iki valideynlə sağlam münasibət saxladıqda, boşanmanın mənfi təsirləri daha az olur.

- Boşanmadan sonra uşağın hansı valideynin himayəsinə verilməsi məsələsi necə həll olunur?

- Qanunvericiliyə əsasən bu məsələ ilk növbədə valideynlərin razılığı ilə həll edilir. Razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini, uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması və s. halları nəzərə almaqla həll edir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında bu məsələlər detallı şəkildə qeyd olunub.

- Boşanma prosesindən sonra uşağın hansı valideynin himayəsində yaşamaq istəməsi ilə bağlı fikri hansı yaşdan nəzərə alınır?

- Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə əsasən maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə prosesi və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir.

Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.

Ailə Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

- Qəyyumluq və himayə orqanlarının rəyi məhkəmənin uşağın üstün mənafeyinə uyğun qərar çıxarması üçün kifayət edirmi?

- Mövcud qanunvericiliyimizə əsasən məhkəmədə uşaq tələbi ilə bağlı işlərə baxılarkən qəyyumluq və himayə orqanları məhkəmədə iştirak edir və uşağın maraqlarını düzgün müəyyən etmək məqsədilə rəy verməklə məhkəməyə kömək göstərirlər. Təəssüf ki, qeyd edilən orqanlarda ixtisaslaşmış psixoloq-mütəxəssislərin sayı azdır. Təcrübədə bəzən ixtisasca psixoloq olmayan mütəxəssislərin rəylərinə də rast gəlinir və çox vaxt onların verdiyi rəylər formal xarakter daşıyır. Bu qəbildən olan işlərin ekspert-psixoloji tədqiqatı ailədaxili münasibətlərin diqqətlə təhlil olunmasını tələb edir. 

- Hansı hallarda uşağın hansı valideynin himayəsində yaşaması və ayrı yaşayan valideyni ilə ünsiyyətdə olması ilə bağlı işlər üzrə məhkəmə-psixoloji ekspertizası təyin olunur?

- Ali Məhkəmə Plenumunun qeyd edilən qərarının 7.3-cü bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir.

Qəyyumluq və himayə orqanı mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda Mülki Prosessual Məcəllənin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər.

Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzininin Psixoloji ekspertiza şöbəsində keçirilən ekspertizaların təxminən 70%-ni uşaq tələbi və ya uşaqla ünsiyyətlə bağlı mülki işlər üzrə təyin olunan ekspertizalar təşkil edir.

Məhkəmə-psixoloji ekspertizası uşaqları tərbiyə etmək hüququ ilə bağlı bütün növ məhkəmə çəkişmələrində - boşanmadan sonra uşağın hansı valideyninin himayəsində yaşamasının müəyyən olunması, uşağın bir valideyndən alınaraq digər valideynin himayəsinə verilməsi, uşağın ondan ayrı yaşayan valideyni ilə ünsiyyətdə olması ilə bağlı işlərdə böyük əhəmiyyət kəsb edir. 

- Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri məhkəmə-psixoloji ekspertizası zamanı hansı çətinliklərlə qarşılaşırlar?

- Ekspert təcrübəsi göstərir ki, ailə-nikah münasibətləri ilə bağlı işlərə baxılarkən bəzən hakimlər ekspert qarşısında uşağın hansı valideynin himayəsinə verilməsinin məqsədəuyğun olması, ayrı yaşayan valideynin uşaqla ünsiyyət vaxtlarının və müddətinin müəyyən olunması barədə suallar qoyurlar.

Qeyd etmək lazımdır ki, boşanmadan sonra uşağın hansı valideynin himayəsində yaşaması, uşağın ondan ayrı yaşayan valideyni ilə ünsiyyət qaydasının müəyyən olunması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsində də göstərildiyi kimi valideynlərin razılığı ilə həll edilir.


Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları – uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması və s. nəzərə almaqla həll edir. Bu mənada uşaqların hansı valideyninin himayəsinə verilməsi və ünsiyyət qaydasının müəyyən olunması ilə bağlı ekspert qarşısında sualların qoyulması metodiki cəhətdən düzgün hesab olunmur və həmin sualların cavablandırılması ekspertin səlahiyyəti xaricindədir.

- Hansı yaşda olan uşaqlarla məhkəmə-psixoloji müayinə keçirilə bilər?

- Uşaqla ünsiyyət və ya uşaq tələbi ilə bağlı işlər üzrə təyin olunan ekspertizalarda məktəbə hazırlıq dövründə və daha böyük yaşda olan, nitq qabiliyyətli bütün uşaqlarla məhkəmə-psixoloji müayinənin keçirilməsi mümkündür. Lakin təcrübədə bəzən beş yaşına qədər uşaqlar barəsində məhkəmə-psixoloji ekspertizasının təyin olunması halları ilə qarşılaşırıq.

Xüsusi elmi-psixoloji ədəbiyyatın təhlili və ekspert təcrübəsi göstərir ki, beş yaşına qədərki dövrdə olan uşağın valideynlərə olan münasibəti dayanıqlı olmayıb müvəqqəti, situativ xarakter daşıyır və hadisələrin gedişatı ilə şərtlənə bilir. 

Qısa müddət keçəndən sonra uşağın valideynlərinə olan münasibəti və buna uyğun olaraq emosional təəssüratları tez-tez dəyişə bilir. Bu yaş dövründə uşaq onunla əlaqədar baş verən hadisələrin səbəbləri və nəticələri haqqında məhdud məlumata sahib olur. Bu mənada uşağın hadisələrin gedişinə olan reaksiyası məntiqi təfəkkürün məhsulu olmayıb, şəraitin ayrı-ayrı fraqmentlərinə verdiyi emosional münasibəti ilə şərtlənir. Psixikanın inkişaf mərhələlərinə uyğun olaraq beş yaşına qədər uşağın bütün əsas psixi prosesləri (diqqət, hafizə, təfəkkür) qeyri-ixtiyari xarakter daşıyır. 

Bu yaş dövründə uşaq ixtiyari olaraq fikrini bir yerə cəmləyə və nəyisə yadda saxlaya bilmir. Uşaq bu xüsusiyyətinə görə hər hansı bir şəxs, o cümlədən ailə üzvü ilə bağlı baş verən hadisələrin detallarını, gedişatını dərk edə və yadda saxlaya bilmir. Hadisələrin məzmunu uşaq üçün cəlbedici olan məqamlarla, fraqmentar olaraq yadda qalır, buna müvafiq olaraq yaddaşda buraxdığı izlər də dəyişkən olur. 

Qeyd olunanlar nəzərə alınaraq beş yaşına qədər olan uşaqlar barəsində məhkəmə-psixoloji ekspertizasının təyin olunması məqsədəuyğun hesab olunmadığından, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert-psixoloqları tərəfindən metodik məktub hazırlanaraq bütün məhkəmələrə göndərilib.

- Maraqlı söhbətə görə sizə təşəkkür edirəm. İşlərinizdə uğurlar arzu edirəm.

- Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Uşaqlar bizim gələcəyimizdir! Daha yaxşı gələcək üçün uşaqların qayğısına qalmaq və onların hüquq və mənafelərini müdafiə etmək hər birimizin borcudur.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO