Son vaxtlar “Trendyol” mobil alış-veriş tətbiqində Azərbaycan və Türkiyə istifadəçiləri üçün müəyyən edilən qiymətlər arasında nəzərəçarpan fərqlər müşahidə olunur. Həmçinin “Temu” platformasında da eyni fərqlər qeydə alınıb.
Belə ki, əvvəlki dövrlərdə hər iki ölkə üçün qiymətlər ya eyni idi, ya da fərq cüzi səviyyədə qalırdısa, indi bu vəziyyət xeyli dəyişib. Hazırda bir çox məhsulların Azərbaycan versiyasında qiymət Türkiyə bazarına nisbətən xeyli baha göstərilir.
Bizim.Media xəbər verir ki, Modern.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, hər bir məhsul və ya sahə bazara daxil olarkən ilk növbədə qiymət siyasəti ilə alıcını cəlb etməyə çalışır və onu məhsulun daimi alıcısına çevirir. Trendyol da Azərbaycan bazarına girərkən bu strategiyadan uğurla istifadə edib. Nəticədə istehlakçılar indi məhsul lazım olduqda birbaşa həmin platformaya müraciət edirlər.
“Türkiyədəki real qiymətlərlə Azərbaycan istehlakçısı üçün müəyyən fərqlər mövcuddur. Əvvəllər Trendyol kimi platformalar Azərbaycan bazarına daxil olduqda, vergi və gömrük rüsumlarını alıcılardan toplamır, bu xərcləri özləri qarşılayırdılar. Bunun əsas məqsədi bazara uyğunlaşmaq və müştəri cəlb etmək idi. Hazırkı vəziyyətdə isə buna ehtiyac qalmayıb, çünki artıq kifayət qədər sayda Azərbaycanlı istifadəçi bu platformalardan aktiv şəkildə sifariş edir.
Sual yarana bilər ki, bu vəziyyətdə şirkət alıcı itkisi ilə üzləşə bilərmi? Əlbəttə ki, xeyr. Çünki real mağazalarda satılan məhsulların topdan və pərakəndə qiymətləri onlayn platformalardakı qiymətlərlə eyni deyil”.
İqtisadçının sözlərinə görə, Azərbaycan vətəndaşları arasında xüsusilə Türkiyə istehsalı olan məhsullara böyük maraq var:
“Bu səbəbdən, bir çox alıcı məhsulu birbaşa özü sifariş etməyi daha etibarlı hesab edir.
Digər bir amil isə vaxt və iş şəraiti ilə bağlıdır. Özəl sektorda çalışan insanların çoxu uzun iş saatlarına görə bazarlıq üçün vaxt tapmır. Nəticədə, onlar məhsul axtarmağa və müqayisə aparmağa vaxt ayıra bilmədiklərindən onlayn alış-verişə üstünlük verməyə məcbur qalırlar”.
G.Hüseynova vurğulayıb ki, qiymət fərqinin əvvəlki illərlə müqayisədə dəyişməsinin səbəblərindən biri də milli valyutanın xarici valyutalar qarşısında müəyyən dərəcədə dəyər qazanmasıdır:
“Bu, alıcılara daha çox çeşidə yönəlmək imkanı yaradır. Belə vəziyyət xarici ölkələr üçün satış və dövriyyənin artmasına səbəb olur, lakin Azərbaycan üçün bu, valyutanın ölkə xaricinə axını deməkdir.
Digər tərəfdən, qiymət fərqinə daşınma xərcləri də təsir edir. Daşınma xidməti əsasən PTT və digər özəl şirkətlər tərəfindən həyata keçirilir. Özəl sektor bu sahədə rəqabət apardığı üçün xidmət keyfiyyətini artırmağa çalışır. Lakin Azərbaycan bazarı üçün vəziyyət fərqlidir: məhsullar ölkə xaricindən gətirildiyi üçün hava nəqliyyatı ilə daşınma xərcləri daha yüksək olur”,- deyə ekspert qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:23 / 11.11.2025
“Trendyol” və “Temu”da qiymət fərqi - Səbəb nədir?
Hazırda oxunan: “Trendyol” və “Temu”da qiymət fərqi - Səbəb nədir?
Hazırda oxunan: “Trendyol” və “Temu”da qiymət fərqi - Səbəb nədir?
579998
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































