Pulla alınan öhdəliklər - Valideynlə övlad nə vaxt məhkəməlik olur?

Pulla alınan öhdəliklər - Valideynlə övlad nə vaxt məhkəməlik olur?

Hazırda oxunan: Pulla alınan öhdəliklər - Valideynlə övlad nə vaxt məhkəməlik olur?

579847

Cəmiyyətin mənəvi dayaqları qanunlardan çox insanların vicdanına, ailə bağlarına söykənir. Azərbaycan cəmiyyətində həmişə böyüklərə, yaşlılara qayğı və hörmətin saxlanması mühüm hesab olunub.

Lakin son illərdə müşahidələr göstərir ki, sosial-iqtisadi dəyişikliklər, çox vaxt da şəhər mühiti, fərdiləşmə ailədaxili münasibətlərə də təsir göstərir. Öz həyatını yaşamaq istəyən, öz istəklərini və mənafeyini üstün tutan övladlar yaşlı və əmək qabiliyyəti olmayan valideynlərinə baxmaqdan imtina edirlər.

İnsani dəyərlərin pozulması ya da kökdən heç olmaması təbii ki, hüquqi tənzimləmə tələb edir.

Bu zaman qanun dövriyyəyə girsə də, yetərsiz qalır.

Yəni valideynə baxmaqdan imtina edən övlad cəmi 60-100 manat arası cərimə ödəyir. Bu məbləğ nacins övladda mənəvi məsuliyyət oyadacaq qədər kifayət deyil. Valideynin övladına illərlə göstərdiyi qayğının qarşılığında simvolik bir cərimə ilə ədalət təmin olunmaz.  
 

Qanun sərtləşdirilməklə, maddi məsuliyyəti artırmaqla mənəvi öhdəliyi təmin etməsə də, ən azından  maliyyə itkisi ilə üzləşən övladı hərəkətə gətirə bilər. Amma hələ ki qanunlar köhnə qaydada tənzimlənir.


Sosioloq Rəsul Qəhrəmanov Bizim.Media-ya açıqlamasında məsələnin digər qaçılmaz reallığından da bəhs etdi. Onun sözlərinə görə, artıq sosial vəziyyət də dəyişib, əvvəlki deyil:

“Bəzi hallarda övladların maddi imkansızlığı, ailə problemləri və ya xaricdə yaşaması valideynə qayğını çətinləşdirir. Dövr əvvəlki deyil. İndi oğullar evlənib ayrı yaşamaq istəyirlər. Vaxt var idi hamı bir damın altına yığışıb az büdcə ilə dolanırdı. İndi hansı oğul, gəlin belə həyat istəyir?! Hamı ayrı yaşamaq, fürsət düşsə xaricə getməyi, öz gələcəyini düşünür. Amma həyat şərtlərinin dəyişməsi  məsuliyyət hissini aradan qaldırmamalıdır. Dövlət qayğısı nə qədər olsa da, ailə qayğısının yerini heç bir sosial müavinət tuta bilməz”.

Bəs qanunvericilik belə övladlar haqqında nə deyir?

Vəkil Vüsal Mustafayev bildirdi ki, qanunvericilikdə yetkin, sağlam, əmək qabiliyyəti olan övladlar köməyə ehtiyacı olan, yaşlı valideyni maddi cəhətdən təmin etmək öhdəliyi daşıyır. Bu öhdəlik Ailə Məcəlləsinin 82-ci və 83-cü maddəsi ilə tənzimlənir. Könüllü razılaşma olmadıqda valideynin məhkəməyə müraciət etmək hüququ var. Məhkəmə də övladın maddi vəziyyətini nəzərə alaraq valideyn üçün aylıq ödəniş təyin edir. Amma vaxtilə valideynlik vəzifəsini yerinə yetirməyənlərin belə bir hüququ yoxdur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO