Tarixə keşik çəkən TEXNOLOGİYA – Azərbaycan muzeyləri necə qorunur?

Tarixə keşik çəkən TEXNOLOGİYA – Azərbaycan muzeyləri necə qorunur?

Hazırda oxunan: Tarixə keşik çəkən TEXNOLOGİYA – Azərbaycan muzeyləri necə qorunur?

576659

Son dövrlərdə dünyanın aparıcı muzeylərində, xüsusilə məşhur Luvr muzeyində  baş vermiş oğurluq hadisələri təhlükəsizlik məsələlərinə diqqəti artırır.

Texnologiyanın inkişaf etdiyi dövrümüzdə ən nadir milli-tarixi eksponatların qorunduğu muzeylərdə təhlükəsizlik sisteminin belə zəif olması narahatlıq doğurur.

Luvr kimi xüsusi qorunan muzeydə belə hadisələr baş verirsə, digər muzeylərin vəziyyəti necədir?

Konkret olaraq Azərbaycan muzeylərində təhlükəsizlik sistemi hansı səviyyədədir?

Bizim.Media-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən verilən məlumata görə hazırda Azərbaycan Milli İncəsənət Muzeyi 24 saat qorunur, həm daxili, həm də xarici videomüşahidə sistemi və hərəkət sensorları ilə təchiz edilib, elektron giriş-çıxış nəzarəti mövcuddur.

Sensorlar əsərlərə yaxınlaşma zamanı siqnalizasiyanı işə salır:

“Muzeylərdə kolleksiyaların qorunması, onların gələcək nəsillərə təhlükəsiz çatdırılması əsas vəzifələrdən biridir. Eksponatlar sərgi salonlarında açıq və ya vitrinlər içərisində yerləşdirilir, onların daşınması və yerləşdirilməsi xüsusi qaydalarla həyata keçirilir.

Mühafizə heyətimiz xüsusi təlimlərdən keçmiş, hər hansı fövqəladə hallara cavab vermək üçün hazır vəziyyətdədirlər. Ziyarətçilərin əsərlərə toxunmasını minimuma endirmək üçün nəzarətçilər, qoruyucu baryerlər və işarələrdən istifadə olunur. Bu tədbirlər eksponatların həm fiziki, həm ekoloji, həm də etik baxımdan qorunmasını təmin edir və ICOM-un beynəlxalq standartlarına uyğun həyata keçirilir”.

Hər bir eksponatın qorunması üçün fərdi yanaşma tətbiq edilir

Həmçinin bildirirlir ki, nadir və qiymətli əsərlərin qorunması üçün xüsusi şüşə vitrinlər, temperatur və rütubət sensorları, işıq nəzarət sistemləri və digər mühafizə vasitələrindən istifadə olunur. Hər bir eksponatın qorunması üçün fərdi yanaşma tətbiq edilir. Fonda saxlanılan eksponatlara giriş yalnız daxili işçilərlə məhdudlaşdırılıb.

Ziyarətçilər isə yalnız nümayiş sahələrini gəzə bilirlər və eksponatlarla birbaşa təmas yoxdur. Muzeyə yalnız iş saatlarında daxil ola bilərlər. Giriş zamanı bilet təqdim edilir və ya elektron bilet sistemi vasitəsilə qeydiyyat aparılır.  

 

Eyni zamanda, təhlükəsizlik tədbirləri çərçivəsində girişdə şəxsi əşyaların yoxlanılması və zəruri hallarda təhlükəsizlik nəzarətindən keçmək tələb oluna bilər. Muzeydə foto və video çəkiliş yalnız müəyyən edilmiş qaydalar çərçivəsində mümkündür; bəzi sərgilərdə “flash” və ya peşəkar avadanlıq istifadəsi qadağan oluna bilər.


Uşaqlar yalnız böyüklərin müşayiəti ilə daxil ola bilərlər və qapalı ərazilərdə təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Muzey ərazisində yemək-içmək, siqaret çəkmək və digər qaydaları pozan davranışlar qadağandır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO