Təhsil yerinə TOY – “Erkən nikah problemi təkcə qanunvericiliklə düzəlməyəcək”

Təhsil yerinə TOY – “Erkən nikah problemi təkcə qanunvericiliklə düzəlməyəcək”

Hazırda oxunan: Təhsil yerinə TOY – “Erkən nikah problemi təkcə qanunvericiliklə düzəlməyəcək”

576658

Son vaxtlar ölkədə erkən evlilik hallarının artması ciddi narahatlıq doğurur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu istiqamətdə gördüyü tədbirlər isə  gözlənilən effekti vermir. Hesab edilir ki, problemin kökü yalnız qanunvericilikdə deyil, həm də ictimai düşüncədədir. 

Bəs erkən nikahların qarşısını almaq üçün hansı real addımlar atılmalıdır?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Günay Ağamalı Bizim.Media-ya açıqlamasında bildirib ki, son vaxtlar erkən nikah hallarının artması cəmiyyət üçün ciddi siqnaldır və bu, yalnız sosial və hüquqi deyil, həm də mənəvi-psixoloji problemdir:

“Erkən nikah insanın, xüsusilə də qız övladlarının təhsil, inkişaf və gələcək həyat imkanlarını məhdudlaşdırır. Bu cür hallar sağlam ailə modelinin formalaşmasına da mənfi təsir göstərir.
 

Dövlətimiz bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atır, müxtəlif qurumlar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər və Təhsil nazirlikləri birgə maarifləndirici tədbirlər həyata keçirirlər.


Lakin bu problemin tam aradan qaldırılması üçün təkcə inzibati və hüquqi mexanizmlər deyil, ictimai düşüncənin dəyişməsi əsas hədəf olmalıdır”, - deyə Günay Ağamalı bildirib. 

Deputatın sözlərinə görə, qız uşağının təhsili və savadlı şəkildə yetişməsi cəmiyyətin ən böyük dəyəri kimi qəbul edilməlidir: 

“Valideynlər anlamalıdır ki, qız övladını məktəbdən uzaqlaşdırmaq, erkən nikaha məcbur etmək onun gələcəyini məhdudlaşdırmaq deməkdir. Diqqət etsək, bu kimi mənfi hallara daha çox bölgələrimizdə rast gəlinir. Bu isə maarifləndirmə işlərinin məhz ailələr və yerli icmalar səviyyəsində aparılmasının vacibliyini göstərir”.

Günay Ağamalı hesab edir ki, məsələ yalnız qadağa və cəza prizmasından deyil, sosial və psixoloji aspektlərdən də dəyərləndirilməlidir:

“Mədəniyyət, təhsil və media qurumlarının birgə səyləri ilə ailə institutuna yeni baxış formalaşdırılmalıdır. Sağlam düşüncə, savad və məsuliyyət üzərində qurulan ailə modeli cəmiyyətin inkişafının əsas dayağıdır.
 

Bu baxımdan, dövlətin həyata keçirdiyi siyasəti tam dəstəkləyirəm və hesab edirəm ki, problemin köklü həlli üçün maarifləndirmə, sosial dəstək mexanizmləri və qadınların iqtisadi fəallığının artırılması istiqamətində işlər daha da genişləndirilməlidir”,  - deyə millət vəkili qeyd edib. 


Deputat sonda qeyd edib ki, “sağlam düşüncə sağlam ailə deməkdir və cəmiyyətin gələcəyi məhz bu düşüncənin formalaşmasından keçir”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO