27 ildən sonra Zəngilana bayrağımızı sancan QƏHRƏMAN – Azər Yusiflinin ŞƏHADƏT GÜNÜDÜR – FOTO

27 ildən sonra Zəngilana bayrağımızı sancan QƏHRƏMAN – Azər Yusiflinin ŞƏHADƏT GÜNÜDÜR – FOTO

Hazırda oxunan: 27 ildən sonra Zəngilana bayrağımızı sancan QƏHRƏMAN – Azər Yusiflinin ŞƏHADƏT GÜNÜDÜR – FOTO

576357

Bu gün 27 ildən sonra Zəngilana bayrağımızı sancan 26 yaşlı Azərin şəhadət günüdür.

Bizim.Media xəbər verir ki, Azər Yusifli 1994-cü il martın 28-də Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub.

Tam orta təhsilini böyüyüb, boya-başa çatdığı Böyük Kəsik kəndində alıb.

Orta məktəbi bitirdikdən sonra 2012-ci ilin aprelində hərbi xidmətə yollanıb və Ədliyyə Nazirliyinin Penitensiar xidmətində kiçik çavuş rütbəsi ilə xidmət edib. Həqiqi hərbi xidmətini nümunəvi şəkildə başa vurduqdan sonra müvafiq sənədlərini Sərhəd Qoşunlarına təqdim edən Azər bütün meyarlarına görə yüksək qiymətləndirilərək arzu etdiyi işə qəbul olur. Sərhəd xidmətində fəaliyyətinə Cəlilabad rayon Göytəpə sərhəd dəstəsinin  N nömrəli hərbi hissəsində başlayır.

Azər Yusifli xidmət zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyevin 4 avqust 2019-cu il tarixli 0229 nömrəli əmrinə əsasən "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı ilə, 4 avqust 2019-cu il tarixli 0240 nömrəli əmrinə əsasən isə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunur.

2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin (ÇHD) baş giziri olan Azər Yusifli əvvəlcə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə vuruşub. Oktyabrın 19-dan 20-nə ötən gecə isə Zəngilan şəhəri uğrunda döyüşlər başlayır. Gecə saatlarında şəhər işğaldan azad olunur. Saat 04:00 radələrində baş gizir Azər Yusifli tərəfindən Zəngilan şəhərinə 27 ildən sonra Azərbaycan bayrağı sancılır.

Qeyd edək ki, Cəbrayıl azad ediləndə Xudafərin körpüsünün, Zəngilan azad ediləndə isə Zəngilan Prokurorluğu binasının üstünə bayrağı məhz Azər sancıb. 26 yaşlı Azər ümumilikdə 26 ərazidə Azərbaycan bayrağını ucaldıb.

Azər Yusifli oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində şəhid olub.

Oktyabrın 22-də Ağstafa rayonunun Böyük Kəsik kəndində dəfn olunub.
 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.


Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Azər Yusifli ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Zəngilanın azad olunmasına görə” medalı ilə tətif edilib.

Qeyd edək ki, şəhidimiz nişanlı olub.




Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO