Xəbər verdiyimiz kimi Zaqatala şəhər ərazisində iki avtomobil toqquşub, yaralananlar var.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (4 kişi, 2 qadın) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 5 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bir nəfər isə daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
Tibb müəssisəsinin Uşaq neyrocərrahiyyə şöbəsinə yerləşdirilən pasiyentə qapalı kəllə-beyin travması, sol təpə sümüyünün xətti sınığı, sol təpə payında travmatik subdural hematoma diaqnozları təyin edilib.
Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu