Dünyanın sivil ölkələrində nikah müqaviləsi geniş yayılıb. İnkişaf etmiş ölkələrdə belə müqavilələr nikahın vacib elementi sayılır. Çünki evlilik müqaviləsinin müsbət cəhəti odur ki, qadın və kişi əvvəldən müqavilə imzalamaqla öhdəlik götürür. Amma Azərbaycanda 25 ildir nikah müqaviləsi qanunvericilikdə öz əksini tapmasına baxmayaraq, hələ də bu müqaviləyə barmaqarası baxanlar var. Bəlkə də bu, 25 yaşlı sənəd hələ vətəndaşlar arasında özünü təsdiqləyə bilməməsindəndir. Halbuki nikah müqaviləsi boşanmalar zamanı bir sıra maddi problemlərin həllinə kömək ola bilər.
Hüquqşünas Cavid Yolçuyevin Bizim.Media-ya verdiyi məlumata görə, Azərbaycanda nikah müqaviləsi Ailə Məcəlləsinin 39-cu maddələri ilə tənzimlənir. Həmin maddələrdə nikah müqaviləsinin məzmunu, yəni onun nə məqsədlə bağlanması, bağlanma və ləğv edilmə qaydaları öz əksini tapır.
“Nikah müqaviləsi bağlanarkən tərəflərin qazancları və ailənin xərcləri, eləcə də tərəflərin qarşılıqlı hüquq və vəzifələri qeyd olunur. Müqavilə ilə həmçinin, uşaqların tərbiyə və müalicəsində, saxlanmasında ər-arvadın iştirakı, onların üzərinə düşən xərc bölgüsü, eləcə də nikah pozularkən tərəflərin əmlak hüququ müəyyən olunur”.
Bəs ölkədə nikah müqaviləsinə maraq niyə azdır?
C.Yolçuyev əlavə edib ki, insanlarımız nikah müqaviləsinin faydasından məlumatlı deyillər.
“Digər tərəfdən də çoxları bunu özlərinə ayıb bilir, bir-birinə qarşı etimadsızlıq, sayğısızlıq hesab edirlər. Böyük həvəslə, sevgiylə qurduqları ailəyə, toyqabağı yüksək pozitiv ruh halına maddiyatı əks etdirən qayğıları qatmaq istəmirlər. Yeni ailə quran cavanlar neqativ hallara köklənməkdən yan qaçırlar”.
Qeyd edək ki, bu ilin 6 ayı ərzində 24786 nikah rəsmiləşdirilib, 93 nikah müqaviləsi təsdiqlənib. Ötən il isə Azərbaycanda 168 nikah müqaviləsi bağlanıb.
Şəfiqə Şəfa, Bizim.Media