“Rebuild Qarabağ” ölkəmizdə keçirilən ən əlamətdar sərgi tədbirlərindən biridir. Bu sərgi şəhər və regionlarımızda həyata keçirilən sənaye obyektlərinin, yaşayış komplekslərinin, sosial, mədəni, səhiyyə və təhsil müəssisələrinin, eləcə də digər infrastruktur layihələrinin - körpü, tunel və hava limanlarının tikintisində əldə edilən nailiyyətləri nümayiş etdirir. Bu il “Rebuild Qarabağ” sərgisinin açılışı ölkəmiz üçün iki mühüm tarixi hadisə ilə - Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyi və Qarabağ Zəfərinin 5 illiyi, eyni vaxta təsadüf edir".
Bizim.Media xəbər verir ki, bu sözləri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov 30-cu Xəzər İnşaat Həftəsinin açılış mərasimində söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda azad edilmiş ərazilərin bərpası və inkişafı uğurla davam edir.
“Bu bərpa prosesində Laçın rayonunun xüsusi yeri var. Laçın rayonu azad olunduqdan sonra, son 3 ildə aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində bərpanın birinci mərhələsi uğurla başa çatıb, 3 kənd yenidən inşa edilərək istifadəyə verilib. Həmçinin Laçın ərazisində 30-dan artıq yeni müəssisə tikilib, Laçın Hava Limanı və “Laçın" İstirahət Kompleksi istifadəyə verilib.
Sadalananlar bölgədə həyata keçirilən böyük layihələrin yalnız bir hissəsidir. Qarşıdakı illərdə iri su hövzələrinin və irriqasiya sistemlərinin yaradılması, şəhərlərin içməli su ilə təminatının yaxşılaşdırılması və turizm infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılacaq”, - deyə Prezidentin xüsusi nümayəndəsi əlavə edib.
Bizim.Media