“Ağıllı şəhərlərin təhlükəsizliyi” mövzusunda keçirilən tədbirin ölkəmizin kibertəhlükəsizlik ekosisteminin güclənməsinə ciddi töhfə verəcəyi şübhəsizdir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov “Critical Infrastructure Defence Challenge-2025" tədbirinin açılış mərasimində DTX-nın rəisi, general-polkovnik Əli Nağıyevin çıxışını iştirakçılara çatdırarkən bildirib.
Davud Rüstəmov qeyd edib ki, tədbir zamanı keçiriləcək müzakirələrdə əsas mövzulardan biri də kritik informasiya infrastrukturlarının təhlükəsizliyi, həmçinin bu kimi sistemlərin kibermüdafiə qabiliyyətinin gücləndirilməsi sahəsində yeni problemlər və onların həlli yollarıdır:
“Artıq hər kəsə bəllidir ki, müasir dövrdə kritik informasiya infrastrukturlarının təhlükəsizliyi hər bir dövlət üçün əsas prioritetlərdən biri və milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Günümüzdə enerji, su təchizatı, nəqliyyat, telekommunikasiya, maliyyə və dövlət xidmətləri kimi sahələrin rəqəmsal şəbəkələr, həmçinin bulud texnologiyalarından istifadə imkanlarının artması onları kibertəhdidlərə qarşı daha həssas edir.
Təcrübə göstərir ki, dövlətlərin ictimai-siyasi sabitliyini və iqtisadi inkişafını hədəf alan kibertəhdidlər getdikcə daha mürəkkəb, daha məqsədyönlü olmaqla, transsərhəd imkanlarını sürətlə genişləndirməkdədir. Son illər baş verən kiberinsidentlər nəticəsində beynəlxalq hava limanları, enerji və su təchizatı sistemləri, eləcə də maliyyə sistemlərinin iflic vəziyyətə düşdüyünün şahidi oluruq.
Qlobal kiberməkanda ölkəmizin milli maraqlarını hədəf alan fəaliyyətlərin qarşısının alınması məqsədilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ötən dövr ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin prioritetləri sırasında olub. Belə ki, müxtəlif əməkdaşlıq platformaları çərçivəsində 160-dan çox ölkənin kibertəhlükəsizlik üzrə cavabdeh qurumları, eləcə də qlobal texnologiya şirkətləri və təşkilatları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri formalaşdırılıb”.
DTX Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi əlavə edib ki, cari ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin proqram platforması formalaşdırılıb, kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə vəzifəli və məsul şəxslər müəyyən olunmuş, həmçinin həmin şəxslərlə təhlükəsiz əlaqə kanalları yaradılıb:
“Bununla yanaşı, kritik informasiya infrastrukturlarının təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərə riayət olunması vəziyyətinin yoxlanılması məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarından ibarət birgə Komissiya formalaşdırılıb.
Cari ildə kritik informasiya infrastrukturlarını hədəf alan bir sıra qlobal kibertəhdid aktorları tərəfimizdən müəyyən edilmiş və onların kibermüdaxilə cəhdlərinin qarşısı vaxtında alınıb. Həmçinin, kritik informasiya infrastruktur obyektinə qarşı kiberhücum həyata keçirməklə qanunla qorunan məlumatların icazəsiz əldə edilməsində, eləcə də zərərverici proqram təminatlarının qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirləndirilən bir sıra şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər.
Bu kimi artmaqda olan kibertəhdidlərə dair reallıqlar, xüsusilə kritik informasiya infrastrukturlarının təhlükəsizliyi sahəsində müasir çağırışlar beynəlxalq təcrübənin daim öyrənilməsini, qabaqcıl sahə standartlarının tətbiqini, informasiya mübadiləsinin genişləndirilməsini və xüsusilə milli kadr potensialının gücləndirilməsini tələb edir.
Davud Rüstəmov əlavə edib ki, DTX cari ildə İSO-15408 Ümumi Meyarlar Laboratoriyasının qurulmasına, bu sahədə kadrların müvafiq təlimlər keçməsinə nail olub:
“Sözügedən laborotoriyada informasiyanı mühafizə vasitələrinin, həmçinin kriptoqrafik mühafizə vasitələrinin sınaqlarının keçirilməsi və standartın tələblərinə uyğun sertifikatlaşdırılması həyata keçiriləcək.
DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən bütün növ kibertəhdid məlumatlarının toplanması, təhlili və maraqlı tərəflər arasında paylaşılmasını təmin edən, yerli və qlobal təşkilatlarla əməkdaşlıq etməyə, bu məlumatları əlaqələndirməyə və kollektiv kibermüdafiəni gücləndirməyə imkan verən MISP platforması yaradılıb.
2023-cü ildə yaradılmış MISP platforması ölkənin kritik informasiya infrastrukturu subyektləri arasında zərərli IP ünvanlar və domen adları, zərərli fayllar və onların eyniləşdirmə dəyərləri və s. bu kimi göstəricilərin mübadiləsini həyata keçirməyə imkan verir. Bu platforma tərəfdaş xarici xüsusi xidmət orqanları ilə kibertəhdidlərə qarşı birgə mübarizədə də effektiv əməkdaşlıq üçün mühüm vasitəyə çevrilib.
Bununla yanaşı, son zamanlar süni intellekt həllərinin tətbiqinə dair artmaqda olan maraqlar bütün sahələrdə müşahidə edilir. Qeyd edilməlidir ki, süni intellektin inkişafı ilə yanaşı, onun cinayət məqsədləri üçün istifadəsinə dair maraqlar da artmaqdadır”.
Davud Rüstəmov əlavə edib ki, DTX tərəfindən süni intellektdən istifadə edilməklə həyata keçirilən cinayət əməllərinə, xüsusilə təxribat hallarına qarşı mübarizə istiqamətində hüquqi, həmçinin texniki-texnoloji tədbirlər həyata keçirilməkdədir:
“Əminəm ki, bu tədbir çərçivəsində aparılacaq müzakirələr və təcrübə mübadiləsi kritik informasiya infrastrukturlarının qorunmasına dair biliklərimizi və təcrübəmizi zənginləşdirəcək, beynəlxalq əməkdaşlığımızı daha da gücləndirəcək, nəticədə ölkəmizin milli təhlükəsizliyini qlobal təhdidlərə qarşı daha da dayanıqlı edəcək”.
Bizim.Media